Gələn ildən Azərbaycanın hər yerində icbari tibbi sığortanın tam tətbiq olunması ilə əlaqədar işlər davam etdirilir.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. O, Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortanın pilot layihə şəklində tətbiq edilərək böyük təcrübə toplanıldığını və digər xəstəxanaların bu proses üçün hazırlandığını bildirib.
Əli Əhmədov Azərbaycan hökumətinin gənclər siyasəti ilə bağlı da danışıb və deyib ki, hökumət gənclərin ölkədə gedən bütün proseslərdə, o cümlədən seçkilərdə fəal iştirakını istəyir. O, Yeni Azərbaycan Partiyasına üzv olan gənclərin bu il keçiriləcək bələdiyyə seçkilərində də fəal iştirak edəcəyini deyib.
Bu arada, baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və bir sıra deputatlar Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüşüblər. Görüşdə ölkədə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.