Bərdədə küçədə tapılan azyaşlı uşaqların Gəncədə yerləşən uşaq evlərindən birinə göndəriləcəyi deyilib.
Bu barədə oxu.az-a Bərdə Rayon İcra hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev məlumat verib.
Onun sözlərinə görə, uşaqların ailə üzvlərindən yalnız anası tapılıb:
“Uşaqların anası Qazax rayonunun Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Aslanova Yeganə Məhəmməd qızıdır. Anaları tapılsa da, heç uşaqların atasını tanımadğını deyir. Azyaşlılar hazırda Bərdə rayon Uşaq Xəstəxanasında, dövlət nəzarətində saxlanılır. Bizə bildirdiyinə görə, Bərdədə müxtəlif kafe və çayxanalarda işləyib”.
V.Qarayev azyaşlıların bu gün dövlətin himayəsinə verilməsi ilə bağlı məsələnin həll olunacağını da bildirib:
“Uşaqların vəziyyəti yaxşıdır. Bərdənin özündə də uşaq evləri var. Lakin bu uşaqların Gəncədə yerləşən uşaq evlərindən birinə yerləşdirilməsi istiqamətində danışıqlar gedir”.
Xatırladaq ki, hadisə fevral ayının 2-də gecə saatlarında Bərdə rayonunda baş verib. Azyaşlılar vətəndaşlar tərəfindən baxımsız halda tapılaraq, Bərdə Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.