Baş epidemioloq A/H1N1 virusuna yoluxan 16 nəfərin tam sağlam vəziyyətdə olduğunu açıqladı; ÜST-in koordinatoru “hər deyilən sözə” inanmamağa çağırdı
Hazırda Azərbaycanda A/H1N1 virusu var, amma bu, yeni virus deyil və bu virus artıq donuz qripi də adlandırılmır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, Azərbaycanda da müşahidə edilən virus Avropada, Gürcüstanda müşahidə edilən virusdur: “Amma A/H1N1 artıq adi mövsümi qrip hesab edilir. Hazırda mövsümi qrip həm A/H3N2, həm də A/H1N1 virusları yaradır.
Gürcüstanda isə hazırda A/H1N1 virusu geniş yayılır, amma bu virus 10 ildir ki, dünyada yayılan eyni virusdur və ötən ilki viruslardan fərqlənmir. Virusun dəyişməsi daha təhlükəlidir”.
Ofis rəhbəri bildirib ki, donuz qripi donuzdan insana keçdikcə və insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir: “Dünyada sonuncu dəfə 2009-cu ildə son pandemiya olub. Həmin zaman yeni virus yaranaraq insanlara keçmişdi. Son pandemiyanı yaradan A/H1N1 olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və H3N2 virusları törədir. Hər il olduğu kimi, dünyada builki mövsümdə də bu virus var. Avropada, Gürcüstanda və Azərbaycanda adi mövsümi qrip var”.
H.Harmancı deyib ki, Azərbaycanda A/H1N1 müşahidə edilməsi təşvişə səbəb olacaq durum deyil. ÜST rəsmisi viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl edilməsini vacib sayıb.
65 yaşdan yuxarı insanlar, 5 yaşdan aşağı uşaqlar…
“Qripdən ən yaxşı müdafiə yüksək risk altında hesab edilən qruplar arasında peyvəndin aparılmasıdır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisi ötən gün yaydığı ikinci açıqlamada bəyan edib.
Bildirilir ki, yüksək risk altında hesab edilən qruplara 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan aşağı olan uşaqlar, hamiləliyin hər hansı bir mərhələsində olan hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər, səhiyyə işçiləri daxildirlər: “Qripin daha çox yayılmasının qarşısını almaq üçün fərdi qoruyucu tədbirlərdən istifadə edərək özümüzü qorumaqdır. Bu tədbirlər əlləri müntəzəm olaraq sabunla yumaq, öskürən və ya asqıran zaman ağız-burun nahiyəsini dəsmalla örtmək, ilkin mərhələdə, özünü yaxşı hiss etmədikdə, izolyasiya olmaq, xəstə insanlarla sıx əlaqədə olmamaq, göz, burun və ya ağıza toxunmaqdan qaçmaqdır”.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə deyib ki, kütləvi durum müşahidə edilərsə, buna qarşı mübarizə aparmaq üçün bütün tədbirlər var.
Səhiyyə Nazirliyinin məlumatları gizlətmədiyini deyən baş epidemioloq şayiələrin yayılmasına yol verilməməsini istəyib.
İ.Ağayev əlavə edib ki, Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər. Onun sözlərinə görə, 16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də ÜST tərəfindən təsdiqlənib.
Ağız maskası istifadə olunmalı, əllər tez-tez yuyulmalı, bağçalar isə…
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, həkimə müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil:
“Qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər. Qripin diaqnozunu qoymaq hər bir laboratoriyada aparılmır. Azərbaycanda bunun üçün cəmi bir laboratoriya var. Çünki həmin bu analizlərin aparılması üçün xüsusi test sistemləri lazımdır. Onu təsdiqləmək yalnız Bakıda yerləşən həmin laboratoriyada mümkündür. Kimdəsə soyuqdəymə, qızdırma, asqırma, öskürmə varsa, ona qrip diaqnozu qoymaq yanlışdır. İnsanlar hər deyilən sözə inanmasınlar”.
Pediatr Vaqif Qarayev feysbukda yazıb ki, donuz qripindən xüsusi qorunma yolları yoxdur: “Virus aşkar olunubsa, əhalidə xof yaratmaq da mənasızdır. Çünki panikaya düşmüş insanların tibb müəssisələrinə axını başlaya bilər. Nəticədə hamı bir-birini yoluxduracaq. İnsanların sıx olduğu məkanlara getməmək məsləhətdir. Qoruyucu maskalardan istifadə olunmalıdır. Əllər tez-tez yuyulmalıdır, yüksək qızdırma zamanı qızdırmasalıcılardan (antibiotiklərdən yox) istifadə etmək olar”.
V.Qarayevin sözlərinə görə, çoxlu maye qəbul etmək lazımdır: “Meyvə-tərəvəzdən bol-bol istifadə edin. Davamlı yüksək qızdırmada özünümüalicə yolverilməzdir. Həkimə müraciət etmək lazımdır. Bağça və məktəblərdə nəzarət gücləndirilməlidir.
Xəstə uşaqlar bağçaya və məktəbə getməməlidir, yaşlı insanlar və hamilələr daha diqqətli olmalıdır. Vaxtında həkimə müraciət etməlidir”.
Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, bu virusun çoxsaylı ştamları var: “Gürcüstanda varsa, bizə də gəlməsi normaldır.
Profilaktik tədbir görülməlidir. Bu, A qrip virusunun bir ştamıdır. Ola bilər ki, 2009-cu illə müqayisədə bir az fərqli olsun. 2009-da çoxlu tələfat olmuşdu. İlk növbədə karantin tədbir görülməlidir, əhaliyə təbliğat aparmalıdır. Bu virusa yoluxanların hamısı pnevmaniyadan ölüb. Çünki infeksiyalar fəallaşır, iltihab yaradır. Ona görə qrip olan insanlar yataq rejiminə keçməlidir, həkim nəzarətində olmalıdır, çoxlu maye qəbul etməlidir, qoruyucu maska taxmaq lazımdır”.
Bu arada axar.az yazıb ki, bir neçə gün öncə dünyasını dəyişən idmançı, dünya çempionu Xamis Məmmədovun ölüm xəbəri yayılarkən onun qripdən dünyasını dəyişdiyi deyilmişdi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, idmançı 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya diaqnozu ilə ağır vəziyyətdə gətirilib:
“Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib.
Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən, xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”.