"İctimai fikir internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri tərəfindən formalaşdırılır. Amerikada da, Avropada da, Asiyada da, o cümlədən Azərbaycanda da belədir. Düzdür, qəzetin özünəməxsus xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür. Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir, 100 il də, 200 il də qalır. Amma ictimai fikir indi qəzetlər, hətta radio və televiziya tərəfindən deyil, məhz onlayn jurnalistika üzərindən formalaşır”.
Median.Az "Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O qeyd edib ki, hazırda insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki əllərindəki mobil telefonla bir an içərisində dünyada nə baş verdiyini görürlər: "Köşkə gedib qəzet almaq, qəzet tapıb oxumaq problem yaradır. Belə olan halda artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar, qəzetlər müəyyən problemlərlə qarşılaşırlar, tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Belə olan halda əsas mövqedə onlayn media dayanır. Bütün dünyada olduğu kimi Azərbaycanda da belədir. Artıq insanlar da onlayn mediaya üstünlük verirlər, Azərbaycan əhalinin təqribən 80 faizi internetdən istifadə edir, təxminən 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 10 ildir ki, fəaliyyət göstərir. Fondu yaradanda məqsəd ondan ibarət idi ki, KİV-lərə dövlət yardımı tətbiq olunsun və əsasən də qəzetlərimiz inkişaf etsin, ayrılan vəsait keyfiyyətin, jurnalistlərin peşəkarlığının artmasına sərf olunsun. Artıq 10 il vaxt keçib və fondun son iclasında tələblər dəyişib, daha ciddi tələblər qoyulub. Bundan əvvəl əgər qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edilirdisə, artıq bu tələb artıb. Bu da təbiidir. Əgər bir qəzeti 1000 nəfər, 2000 nəfər oxumursa, bu qəzet onda kim üçün çap olunur? Bu tələblər artıb. Kimlər ki, bu tələblərə cavab verəcək, onlar yenə əvvəlki qayda ilə yardım alacaqlar, əvvəlki qayda ilə fəaliyyətlərini davam etdirəcəklər. Kimlər ki, bu öhdəlikləri yerinə yetirməyəcək, artıq o qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq ki, fəaliyyıtlərini necə qursunlar. Mən əminəm ki, əksəriyyəti onlayın versiyaya üstünlük verəcək və öz media qurumlarını möhkəmlədib inkişaf etdirəcəklər. Belə məlumatlar yayılır ki, qəzetlər bağlanır. Burada qəzetlərin bağlanmasından söhbət getmir, söhbət qəzetlərin fonddan aldıqları yardımdan gedir. Fond yaranana qədər qəzetlər çap olunurdu, yəqin ki, onlar Fonddan yararlanmayandan sonra da öz fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər”.