Ötən il 2 min 256 Azərbaycan vətəndaşı əcnəbilərlə nikah bağlayıb.
Bu barədə Ədliyyə Nazirliyindən oxu.az-ın sorğusuna verilən cavabda qeyd edilib.
Bildirilir ki, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış nikahların sayı 2 min 256, həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 nəfər təşkil edir. Ümumi olaraq, statistik rəqəmlərdə artım müşahidə olunmur.
Son 5-6 il ərzində azərbaycanlı qadınların və kişilərin daha çox hansı ölkə vətəndaşları ilə ailə qurduğuna dair dəqiq məlumat yoxdur.
Statistik rəqəmlər 2017-ci illə müqayisədə, əcnəbilərlə evlənən vətəndaşların sayının azaldığını göstərsə də, psixoloqlar bu faktları yaradan səbəblərin hələ də güclü olduğunu deyir.
Psixoloq Təranə Kazımlı Oxu.Az-a verdiyi açıqlamasında əcnəbilərlə nikah bağlayan vətəndaşların məqsədinin əksər hallarda başqa ölkənin vətəndaşlığını qəbul etmək olduğunu deyib:
“Son 10 il ərzində bu nikahların sayı artıb. Vətəndaşların əcnəbilərlə evlənməsinə səbəb xarici ölkələrdə işləmək, yaşamaq və o ölkənin vətəndaşı olmaq istəyidir. Bir növ sevgi evliliyi yox, məntiq və planlaşdırılmış evlilikdir.
İnsanlar azadlıq axtarır, rahatlıq axtarır və buna görə də mentalitet cəhətdən bizdən fərqlənən xarici ölkə vətəndaşları ilə ailə qurmağa maraq göstərirlər. Təəssüf ki, boşanma hallarının sayı da az deyil. İstisna hallar hər zaman var, amma təəssüf ki, bu evliliklərin böyük hissəsi sevgi üzərində qurulmur”.
Boşanma hallarının adi hal aldığını deyən psixoloq əcnəbi olmayan vətəndaşlarla evliliklərin də uzunömürlü olmadığını deyir:
“Təəssüf ki, öz vətəndaşlarımız arasında da boşanma halları artıb. Sosial faktorlar, liderlik həvəsi, səbirsizlik ailənin dağılmasına gətirib çıxarır.
Hər iki halda bu evliliklərin uğursuz olması gələcəkdə həmin ailələrdə dünyaya gələcək uşaqların taleyinə ziyan vurur. Bu baxımdan, istər əcnəbi vətəndaşlarla, istərsə də öz vətəndaşlarımızla ailə qurarkən, düzgün seçim edilməlidir”.
Ümumilikdə, 2018-ci ildə ölkəmizdə bağlanmış nikahların sayı 62.501, pozulmuş nikahların sayı isə 14.991 təşkil edir.