Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı, 99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli meşə materialı aşkar olunub.
Araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyən edilib.
Lerik rayonu ərazisində keçirilən reyd zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “Qazel” markalı, 10XD178 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkar edilib.
Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.