İmadəddin Nəsiminin bizə gəlib çatan təsviri. Bu təsvir 1700-cü illərə aiddir, Mərkəzi Asiyada tapılıb. Təsviri 2009-cu ildə elmə təqdim edən şəxs - ilk alman nəsimişünası, türkologiya professoru Maykl Reinxard Hessdir.
Median.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri yazıçı, filosof Ağalar Qut sosial şəbəkədə qeyd edib.
O, Nəsiminin nadir təsvirinin fotosunu paylaşaraq, onun edamı haqda maraqlı fikirlər yazıb:
"Şəkildə Nəsiminin edam edildiyi görülür. Hess yazır ki, dərisini soyaraq edam etmək hətta orta əsrlər ənənələrinə görə də qeyri-adi edam növü idi, görünür, belə dəhşətli ölümlə xalqın hürufiliyə get-gedə artan meyilinin qabağını almaq istəyiblər. Hessə görə, əgər təsvir həqiqəti əks etdirirsə, onda ola bilsin, Nəsimini diri-diri yox, Nəsimidən təxminən min il qabaq yaşayan, manixeizmin qurucusu Mani kimi, edam etdikdən sonra dərisini soyublar. Yeri gəlmişkən, akademik Ziya Bünyadov Nəsiminin ancaq üzünün dərisinin soyulduğunu yazır".