ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı araşdırma aparıb.
Artıq bir neçə gündür ki, marketlərdə çay sodası yoxdur. Qida əlavəsindən şirniyyat və un məmulatları bişirilməsində istifadə edən, eləcə də bəzi müalicəvi prosedurlar məqsədilə qəbul edən insanlar bu məhsulun yoxa çıxmasından təşvişə düşüblər.
Sakin: “Şirniyyatda işlədirik. Mənim mədəm xəstədir. Axşamlar 1 stəkan içməsəm olmur”.
Hətta iddialara görə, hazırda çay sodası əldə 2-3 manata satılır. Elanlarda məhdud sayda olması da bildirilir. İnsanlar qiymətin süni olaraq qaldırılmasına etiraz etsələr də, çoxları bir daha o sodadan tapa bilməyəcəyindən ehtiyat edərək, baha qiymətə almağa da razıdır.
Eyyub Hüseynov - AİB-in sədri: “Hazırda həddindən artıq azdır. Demək olar 80 fazi azalıb. Müəyyən işbazlar əldən-ələ alıb bunu baha qiymətə satırlar, belə bir problem var”.
Çay sodası qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalara kimi yoxa çıxıb. Həmsöbət olduğumuz satıcılar idxalçı firma tərəfindən gətirilmədiyini deyirlər.
Sizdə nə vaxtdan qurtarıb?
Market satıcısı: “1 aydan çoxdur. Çox adam gəlir, soruşur. Çox yerdə yoxdur”.
Market satıcısı: “Var idi. Dünən qurtarıb”.
Market satıcısı: “2 həftə olar qurtarıb. Çox soruşurlar. Firmada yoxdur”.
Məsələyə aydınlıq gətirmək üçün ölkəmizə soda gətirilməsini həyata keçirən şirkətlərdən biri ilə əlaqə saxladıq. Şirkətin direktoru bu qida qatqısının mağazalarda tapılmamasının səbəblərinə aydınlıq gətirdi. Məlum oldu ki, keçmiş SSRİ-yə daxil olan bütün dövlətləri çay sodası ilə təmin edən Rusiyanın Başqırdıstan Kimyəvi İstehsal Zavodudur. Bir müddətdir o zavodda təmir işləri gedir. Məhz bu səbəbdən müəyyən problemlər yaranıb.
İslam Abdıyev - Şirkətin direktor: “Bu zavodda yenidənqurma işləri gedir. Zavod fasilələrlə işləyir. Bizə də fasilələrlə göndərir. Təxminən azərbaycanın aylıq satışı 70-80 tondur. Biz də keçən il az almışıq. Ona görə də, bu il satışda fasilələr baş verir”.
Şirkət direktorunun sözlərinə görə, artıq sözügedən zavodda təmir yekunlaşmaq üzrədir. Bir neçə günə yanvar ayı üçün nəzərdə tutulan məhsullar Azərbaycana gələcək. Yəqin ki, növbəti aydan bu problem həllini tapacaq.
AQTA-dan verilən məlumata görə, isə çay sodası ilə bağlı quruma hər hansı şikayət daxil olmayıb.