Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə 300 ailə üçün inşa olunan beş mərtəbəli 4 binadakı mənzillər ağır şəraitdə yaşayan məcburi köçkünlərə veriləcək.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Qurumun məlumatına görə, ötən il rayonun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində yerli sahibkarlıq subyektlərinin vəsaiti hesabına inşa edilən “Qobu Park” yaşayış kompleksinə, əsasən, Bakıda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüblər. Hazırda həmin ərazidə “Qobu Park-2” yaşayış kompleksinin inşası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində istifadəyə verilmiş yeni yaşayış komplekslərindəki mənzillərə də köçürülmə eyni qaydada, ədalət və şəffaflıq şəraitində aparılacaq.
Bu gün isə Ümid qəsəbəsində yeni mənzillərə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib.
Lökbatan Mədəniyyət Sarayında təşkil edilmiş püşkatmada Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Mərasimdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların yaşayış şəraitinin, maddi rifahının yaxşılaşdırılması üçün görülən işlərdən, o cümlədən Ümid qəsəbəsində yaradılmış şəraitdən söhbət açılıb, həmçinin püşkatmanın məqsədi və şərtləri barədə məlumat verilib.
Qaradağ rayon ərazisindəki 9 obyektdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin başçıları növbə ilə püşk çəkərək, qəsəbədə əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.
Xatırladaq ki, Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.//Ölkə.az