Qaradağın Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, mərasimdən öncə 20 Yanvar faciəsinin iştirakçılarının və 20 yanvar şəhidinin ailəsinin Qaradağ rayon rəhbərliyi ilə görüşü təşkil olunub. Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak edib.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən rayon rəhbərliyi Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini alıb.
Milli Məclisin deputatı A.Hüseynov çıxış edərək bildirib ki, 20 yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaq. Dövlət tərəfindən faciə qurbanlarının əziz xatirəsi daim xatırlanacaq, 20 yanvar əlilləri, iştirakçıları isə daim diqqət və qayğı ilə əhatə olunacaq.
Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərilib.
Görüşdən sonra 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "20 yanvar - xalqımızın Qəhrəmanlıq salnaməsidir" adlı ümumrayon anım mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 5 nömrəli Uşaq İncəsənət Məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı 20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgiləri ilə tanış olublar.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başlanıb.
Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha izlənilib.
Qaranlıq gecəni işıqlandıran güllələr, qorxulu səsi ilə irəliləyən tanklar, nifrət hissləri ilə dolu amansız əsgərlər mübariz xalqın üzərinə gedirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu.
Görünməmiş qəddarlıqla keçən gecədə heç bir günahı olmayan onlarla dinc sakin öldürüldü, yaralandı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı.
Daha sonra tədbir Qaradağ rayonunun Müşviqabad qəsəbəsindəki Mədəniyyət evi kollektivinin və Qaradağ rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət himnin sədaları ilə yekunlaşıb.