2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb.
Median.Az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6% artaraq 2,8 milyona çatıb.
Rusiya, Gürcüstan və Yaxın Şərq ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq və Asiya bazar paylarını müvafiq olaraq, 1%, 2% və 2% olmaqla bir qədər artırıblar. Rusiya və Türkiyə hər biri bazar payını təxminən 1%, İran isə ən böyük azalma ilə 5% itirib.
Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir: 35% və 55%. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.