Ölkə ərazisində bir sıra telekanalların yayımında problem yaranıb.
Bunu oxu.az-a açıqlamasında KATV-nin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov deyib.
Onun sözlərinə görə, Rusiya kanallarının ölkə ərazisində yayımında yaranan problem KATV kabel televiziyasından qaynaqlanmır:
“Bu dəqiqə KATV-nin yayımında heç bir problem müşahidə edilmir. Demək olar ki, yalnız bir binada küləklə bağlı texniki problem yaranıb, o da operativ şəkildə əməkdaşlarımız tərəfindən həll olunub. Bu dəqiqə üçün yayım tam qaydasında davam edir. Azərbaycan və Türkiyə kanalları həmişəki kimi yayımlanır.
Rusiya kanallarının yayımında yaranan problem isə birbaşa həmin kanallarda aparılan profilaktik işlərlə əlaqəlidir. Məhz bu səbəbdən Rusiya kanallarının yayımında problem ortaya çıxıb. Düşünürəm ki, günün ikinci yarısından sonra artıq Rusiya kanallarının da yayımı normal qaydada bərpa olunacaq”.