Reklamda gördüyü dərmanı sifariş edən vətəndaşa eyni qutuda saxta dərman göndərilib.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Cəlilabad rayon, İncilli kənd sakini Valeh Xuduyevin iddiası belədir.
O deyir ki, 10 ildir müxtəlif xəstəliklərdən əziyyət çəkən həyat yoldaşı üçün Türkiyə televiziyalarının birində yayımlanan reklamda gördüyü dərmanı sifariş edib. Həmin dərmanı şirkətin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları vətəndaşa göndərib. Dərmana açıb baxdıqda isə onun fərqli qablaşdırmada olduğu üzə çıxıb.
Bundan sonra vətəndaş şirkətin Azərbaycandakı ofisinin rəhbəri ilə danışıb və dərmanın qaytarılmasını istəyib.
Məsələ ilə bağlı şirkətin Azərbaycandakı ofisinin rəhbəri Fərid Daşdəmirovla əlaqə saxladıq. Onun sözlərinə görə, satdıqları dərman saxta deyil, sadəcə məhsulun qablaşması dəyişib.
Dərmanın pulunun qaytarılması məsələsinə gəlincə isə, Fərid Daşdəmirov bildirdi ki, ən qısa zamanda vətəndaşın 59 manatı qaytarılacaq.
Dərmanın Türkiyədəki istehsalçı şirkətinin rəhbəri Rıdvan Yılmazla da əlaqə saxladıq. O, bu dərmanlardan sifariş əsasında cəmi 20 min ədəd istehsal etdiklərini dedi.
Bildirdi ki, Türkiyə televiziyalarında reklam olunan məhsullar onlara məxsusdur. Ancaq vətəndaşa verilən məhsul onların firmasına aid deyil. Həmin dərman Türkiyədə olan başqa bir dərman firması tərəfindən istehsal edilib.
Hüquqşünas Anar Ramazanov isə bildirir ki, burada istehlakçının hüququ pozulub.
Məcəlləyə görə, istehlakçıların hüquqlarını pozan fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 4-6 min manat cərimə edilə bilərlər.