Ağsuda yeni alternativ yolun çəkilməsi gündəmdədir.
Bunu oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Bakı- Şamaxı-Yevlax avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub:
“Hazırda həmin yolun Şamaxı şəhərinin 101-117-ci kilometrlik hissəsi yenidən qurulur və iki hərəkət zolağından dörd hərəkət zolağına keçir. Yolun Muğanlı-Yevlax hissəsi ikinci texniki dərəcəyə uyğun tikilir.
Yol 2015-ci ildə istifadəyə verilib. Həmin hissədə Ağsu dolayları yerləşir və aktiv sürüşmə zonasından keçir. Yol tikintisi zamanı Ağsu dolayları və 25 kilometrlik hissə layihədən çıxarılmışdı”.
Anar Nəcəfli qeyd edib ki, hazırda Ağsu dolaylarında yeni alternativ yolun çəkilişi gündəmdədir:
“Yeni yol Muğanlı istimaqətindən Ağsu çayı boyunca Ağsu şəhərinə doğru uzanacaq. Şəhərin girişində magistral yola birləşdiriləcək. Layihənin davamı olaraq yolun 25 kilometrlik qalan hissəsi yenidən qurulacaq.
Hazırda ərazidə geoloji kəşfiyyat işləri aparılır. Daha sonra layihənin işlənilməsi nəzərdə tutulub. Maddi vəsait ayrıldıqdan sonra yolun tikintisinə start veriləcək”.