“Lotereyalar haqqında” qanunda dəyişikliklər Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirə edilib.
Dəyişikliyə əsasən, qanuna “Elektron lotereya” anlayışı əlavə olunub.
Elektron lotereya - lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır.
Həmçinin dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.
Digər dəyişikliyə əsasən, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.
Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun əsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.