Qaradağ rayonunun buta qəsəbəsində maraqlı bir hadisə olub. Deməli, itin başı boş yağ qutusuna girib. Sakinlərin müdaxiləsindən sonra heyvanın başını qutudan çıxarmaq mümkün olub. Əslində, bu hadisə itin başına ərazidə zibil qutusunun olmaması səbəbindən gəlib. İndi görün buranın sakinləri nə çəkirlər...!?
İtin başı boş yağ qabının içərisində sıxışıb qalıb.
Sakinlər itin həyatını xilas etməyə çalışırlar. Əllərində qayçı dəmir qutunu kəsirlər.
Görüntülər paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində sakinlər tərəfindən qeydə alınıb. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, ərazidə zibil qabı olmadığından məişət tullantıları yolun kənarına atılır. Nəticədə evlərin yaxınlığına çoxlu sayda sahibsiz itlər yığışır. Elə bu hadisə də itlər zibillliyə yığışan zaman olub.
Sakinlər bildirirlər ki, zibil qabları olmadığından tullantıları yolun kənarına atmaq məcburiyyətində qalırlar.
Sakinlər deyirlər ki, zibilliyə yığışan itlər bir neçə dəfə ərazidən keçən insanları dişləyib.
Məsələ ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin Buta qəsəbəsi üzrə nümayəndəliyinə müraciət etsək də, iş vaxtı olmasına baxmayaraq, qurumdan heç kimi tapa bilmədik.