Sentyabrın 26-da Qaradağ rayonu ərazisində yerləşən postda Biləsuvar rayonu, Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi “Mercedes Benz” markalı, 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilib.
AQTA-dan verilən məlumata görə, baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kq-a yaxın yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülüb.
Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib. Tədqiq (sınaq) nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.