Parlamentdə “Təhsil kreditləri haqqında” yeni qanun layihəsi üzərində işlərin başlanılması nəzərdə tutulur.
Bu haqda parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli adıçəkilən komitənin sentyabrın 13-də keçirilən iclasında deyib.
O, qeyd edib ki, bu məsələ neçə illərdir bütün cəmiyyəti düşündür, xüsusilə, övladları pullu, ödənişli ixtisaslarda təhsil alan tələbələrin valideynləri bu məsələdə daha çox maraqlıdır:
“Çünki bütün tələbələr eyni maddi imkanlara malik deyillər. Bəzi valideynlər övladlarının təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Elə tələbələr var ki, ödəniş edə bilmədikləri üçün ali məktəbləri yarımçıq tərk etmək məcburiyyətində qalırlar. Düzdür, bununla bağlı Təhsil Nazirliyi ilə ali məktəblər bir fond təşkil ediblər, amma heç də bütün tələbələr o fonddan yararlana, təhsil krediti ala bilmirlər. Odur ki, bu məsələ kompleks şəkildə, kökündən həll edilməlidir. Bu məsələdə bütün işləri dövlətin çiyinləri üzərinə də atmaq heç cür düzgün deyil.
Özəl sektor, iş adamları, sahibkarlar, bankirlər də bu məsələdə iştirakçı, yardımçı olmalıdır. Onlar havayı yerə pul yatırmırlar ki? Əvəzində həm pullarını, üstəlik də faizlə, geri alacaqlar, həm də özləri üçün gözəl, savadlı, peşəkar mütəxəssislər qazanmış olacaqlar. Bundan ən çox xeyir qazanan elə onların özləri olacaq. Odur ki, iş adamları, sahibkarlar, bank sektoru bu məsələdə daha fəal olmalı, qanunun reallaşması üçün səylərini ortaya qoymalıdırlar. Amma bütün hallarda belə bir qanun olmalıdır, insanlarımız bunu gözləyirlər və çox güman ki, olacaq da. Bu qanunla bağlı axtarışlarımızı davam etdiririk və yaxın zamanlarda onun ilkin variantını hazırlayıb, müzakirələri çıxarmağı nəzərdə tuturuq”.
Millət vəkili, BDU-nun professor Kamilə Əliyeva da belə bir qanunun qəbulunun çox vacib olduğunu, onun qəbuluna cəmiyyətdə həddindən artıq ehtiyac yarandığını bildirib.
“Mən özüm də dəfələrlə bu məsələyə münasibətimi bildirmişəm. Bu gün də bildirmək istəyirəm ki, insanlarımız bu qanunun qəbulunu çox səbirsizliklə gözləyirlər. Çünki bir çox valideynlərimiz, insanlarımız öz övladlarının təhsilini davam etdirmələrində çətinlik çəkirlər. Bəzən elə ailələr olur ki, onların iki, üç övladı hətta ödənişli ixtisaslara düşürlər. Bu zaman həmin ailələrin, valideynlərin vəziyyətini anlamaq, göz önünə gətirmək çətin deyil elə bilirəm… Odur ki, bu məsələ ilə bağlı konkret addımların atılmasına, müvafiq qanun layihəsinin hazırlanıb müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac var. İş adamlarımız, sahibkarlarımız da bu məsələyə öz töhfələrini verməlidirlər və inanıram ki, verəcəklər də”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.