Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.
Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.