Azərbaycanda sabahdan etibarən Ramazan ayı başlayır.
Bununla əlaqədar bir sıra məsələlərə aydınlıq gətirmək və tövsiyələr olmaq üçün İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədliyə müraciət etdik.
Median.Az onunla müsahibəni təqdim edir:
– Orucluq ayında hansı qaydalara riayət edilməlidir?
– Sübhan Allahın adı ilə başlayıram. Bildiyimiz kimi, Ramazan ayının birinci günü Qafqaz Müsəlmanları İdarəsinin fitvasına əsasən, mayın 17-nə təsadüf edir.
Ümumiyyətlə, “Ramazan” sözünün mənası yandırmaq və yanmaq deməkdir. İnsan 11 ay ərzində etdiyi günahları məhz bu ayda yandırır. Allahın da vədəsi var. Buyurub ki, Ramazan ayı mənim ayımdır və hər kimsə bu ayda mənə yaxın gələrsə, onu özüm mükafatlandıraram. Buna görə də bu ay mükafat və günahların bağışlanması üçün gözəl aydır.
– Bu ayda nələri etmək olar və nələr qadağandır?
– Ramazan ayında əsas məsələ iftar və imsak vaxtlarıdır. Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı olaraq, insanlara iftar və imsaklarına çox diqqət və həssasla yanaşmaqlarını tövsiyə edirəm.
Hazırda havaların isti keçməsi ilə əlaqədar oruc tutacaq insanların iftarda mayeni çox qəbul etməsi məsləhətdir. Yəni, bu bir ay boyunca həmin insanlar yorulmasın, narahat olmasın və oruc tutmağa iradəsi olsun.
Ramazan ayında gözün haram şeylərdən çəkindirilməsi tövsiyə edilir. Peyğəmbərimizin hədislərində qeyd olunur ki, gözlərinizi haram şeylərdən çəkindirin, yalan, qeybət peyğəmbərin və Allahın adına yalan danışmalar bəyənilmir, hətta orucu batil edir.
Çimərlik zonası varsa, insanlar özlərini onlardan qorumalıdır.
Bu və ya digər hallarda orucun kriteriyaları var. İnsan əgər Allahın xatirinə oruc tutursa, onun gözü, qulaqları, burnu və digər bədən üzvləri oruc olmalıdır. Yalnız belə olduqda Allah orucumuzu qəbul edər.
– Ağız suyunu (tüpürcəyi) udmaq məsələsinə də aydınlıq gətirərdiniz. Gah deyirlər, belə olduqda oruc batil olar, gah da əksinə...
– Əgər insanın ağız boşluğunda tüpürcək varsa, onu udmaq icazəlidir. Digər halda insanın ağız boşluğuna kənardan su daxil olar və onu udarsa, bu zaman oruc batil olar. Ağız suyunun udulması orucu batil etməz. Çünki o, boğazın və ağızın tərkib hissəsidir.
Həmçinin bir insan bilərəkdən orucu yeyərsə, hər bir günə 61 gün fidyə (“Fidyə” Ramazanda oruc tutmaq iqtidarında olmayan şəxslərin şəriətə görə Allah qarşısında bir borcudur - red.) verməli və yaxud oruc tutmalıdır.
– Fiziki qüsurları və hər hansısa xəstəlikləri olan insanlara tövsiyəniz nədir?
– Allah “Qurani-Kərim”in Bəqərə surəsində buyurur ki, sizdən hər hansısa bir insanlar oruc tutduğu zaman xəstə olsa və yaxud müsafirdirsə, səfər hökmündədirsə, ona oruc tutmaq icazəli deyil.
Həmçinin insanda ağır və haldan salan digər xəstəliklər mövcuddur və bununla bağlı dərman preparatı qəbul edirsə, onlara da oruc tutmaq olmaz.
– Belə olduqda, həmin insanlar nə etməlidir?
– Oruc tuta bilməyən insan gün ərzində yediyi miqdarda ehtiyacı olan insanlara da verməlidir.
– Bu ayı ac qalmaq ayı kimi başa düşənlər də az deyil...
– Orucluq Allahın insanlara verdiyi hədiyyədir. Orucluq varlı ilə kasıb arasında bərabərlik statusudur, sosial paylaşmadır. Məhz bu ayda insan sosial paylaşmaya diqqət etməlidir. Əgər insan Ramazan ayında ehtiyacı olan insanlara kömək edərsə, Allah onu qiyamət günündə mükafatlandırar./oxu.az