Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də, səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.
Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla, ziyarət bitdikdən sonra iki aydan çox olmamaq şərtilə, müalicə üçün iki min manatadək maddi yardım ediləcək.
Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.
Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.