Təhlükəli ərazidə yerləşən yüzlərlə evin taleyi qətiləşdi; sakinlər həm razıdır, həm də narazı; "Həmişə səksəkə içərisində idik ki, uşaqlar qapıdan çıxıb qatarın altında qalar...”
Uzun müddətdir söküləcəyi söylənilən Keşlə qəsəbəsindəki "Şanxay” adlanan ərazidə, nəhayət, söküntü işləri başlayıb. Öncə onu qeyd edək ki, "Şanxay”da yəni Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. Rəsmi məlumata görə, 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir.
Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı, 20 metr məsafə olmalıdır. "Şanxay”dakı evlərlə dəmir yolu relslərinin ara məsafəsi ən çoxu 3 metrdir. İlkin mərhələdə dəmir yolu xəttinin yaxınlığındakı evlərin köçürülməsi planlaşdırılıb.
Artıq bu evlərin bir hissəsi sökülüb. Digərlərinin isə qapıları nömrələnib, evlərin sahəsi ölçülüb, söküntü işlərinə hazırlıq gedir.
"Yeni Müsavat”ın əməkdaşı olaraq əraziyə yollanıb, görülən işlərlə tanış olduq. Müşahidə etdik ki, "Şanxay” ərazisinin bir hissəsində söküntü işləri aparılsa da, digər tərəfdə həyat əvvəlki tək öz axarı ilə davam edir. Söküntü aparılması planlaşdırılan ərazidə uşaqlar dəmir yolu xətlərinin üzərində "futbol meydançası” yaradıb oynayırdılar. Söylədilər ki, buradan tez-tez qatar keçir. Hər dəfə qatar keçəndə də topları yığışdırırlar. Sonra yenidən futbola davam edirlər...
Hazırda söküntüsü gedən evlərdə qeydiyyat ötən ilin iyun ayında aparılıb. Söküntü işlərinə isə sakinlərin sözlərinə görə, 2 aya yaxındır başlanılıb. Müşahidə etdik ki, ərazidə sakinlərin səhhəti üçün təhlükə yaradan təkcə qatarlar deyil. Əksər evlərin altında qrunt suları yığılıb. Bundan əlavə, dəmir yolu xəttinə yaxın ərazidə yerləşən evlərin heç birinin sənədi olmayıb. Lakin buna baxmayaraq, söküntü aparılan zaman sakinlərə kompensasiya ödənilib. Belə ki, sakinlərə evlərinin sahəsinə uyğun olaraq müxtəlif məbləğ verilib. Hər kvadratmetr üçün isə standart olaraq 1000 manatın ödənilməsi nəzərdə tutulub. Lakin söhbət etdiyimiz sakinlərdən bəziləri bildirdilər ki, onlara kvadrata 700-800 manat veriblər.
Bunu da öyrəndik ki, kimin evinin bələdiyyə sənədi olubsa, onlara hər kvadrata görə 1000 manat ödənilib. Evinin heç bir sənədi olmayana isə məbləğ aşağı verilib. Buna baxmayaraq, söhbət etdiyimiz sakinlər narazılıq etmədilər. Bildirdilər ki, ərazidə onsuz da yaşamaq çox çətin idi.
Əhməd Cəfərov söylədi ki, camaatın çoxu buradakı pulunu alıb Qobu tərəfə gedib: "Burada dəmir yoluna yaxın ərazidə yerləşən evlərin sahələri çox kiçik idi. Ona görə də əhali elə də böyük məbləğdə kompensasiya ala bilmədi ki, onunla başqa yerdən ev alsınlar. Şəxsən mən Qobudan torpaq almışam, orada ev tikdirirəm. Eləcə də bir çox evi sökülən şəxs bu cür edib. Burada vəziyyət çox pis idi. Nəmişlik əlindən tərpənmək olmurdu. Oktyabr ayından sonra həyətləri su basırdı. İndi də ərazi suyun içərisindədir. Həmişə səksəkə içərisində idik ki, uşaqlar qapıdan çıxar, qatarın altında qalar. Burada bədbəxt hadisələr tez-tez baş verirdi. Ona görə də bir tərəfdən elə köçürülməyimiz yaxşıdır”.
Evi hələ nömrələnən və söküntü aparanların "B” hissəsi adlandırdıqları ərazidə yaşayan Cavid Kərimov isə bildirdi ki, onlara da artıq söküntü ilə bağlı xəbərdarlıq edilib: "Bildirdilər ki, bizim evləri yaya kimi sökəcəklər. Hələ ki konkret olaraq kompensasiya məbləği deyilməyib. Mənim torpağımın sənədi bələdiyyədəndir. Burada bütün normal evlərdə bələdiyyə sənədi də olsa, var. Son zamanlar dəmir yolu xəttinin yaxınlığında gecəqondular tikilmişdi ki, onların heç birinin sənədi yox idi. Ancaq sağ olsunlar ki, həmin tikililərin də sahiblərində müəyyən qədər pul verdilər. Biz də evimizin söküləcəyi günü gözləyirik. Kimin evinin sahəsi böyükdürsə, o, söküntü işləri ilə razıdır. Ancaq kimin evi kiçikdirsə, buna qarşı çıxır, narazılığını bildirir. Burada evlər 1990-cı illərin əvvəllərindən çoxalmağa başladı. Son zamanlarda tikintilər aparılmır. Çünki artıq evlər dəmir yolu xəttinə dirənib. Hər anımız təhlükədir. Yuxarıda yüksək gərginlikli elektrik xətti, aşağıda da qatar...”
Sakinlər onu da qeyd etdilər ki, evlər söküldükdən sonra dəmir yolu xətlərinin sayının artırılacağı söylənilir.
Məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən "Yeni Müsavat”a bildirildi ki, evlər söküldükdən sonra dəmiryolu xətlərində yenilənmə işlərindən başqa heç bir dəyişiklik nəzərdə tutulmur: "Köhnəlmiş və sıradan çıxmış yolun üst quruluşu elementlərinin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Yolların sayının artırılması nəzərdə tutulmur”.
Söküntü işlərinin nə zamana qədər davam etməsinə gəlincə isə aşağıdakıları bildirdi: "Söküntü işləri dəmir yolunun mühafizə zolağı qeyri-qanuni tikililərdən tam təmizlənənə və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən vəziyyətə gətirilənə qədər davam etdiriləcəkdir”.