Mütəxəssislər Android əməliyyat sistemi ilə çalışan milyonlarla mobil qurğuda, gizli kriptovalyuta mayninq funksiyası olan zərərli proqram təminatı aşkarlayıb.
Oxu.az xəbər verir ki, bu barədə “Malwarebytes Labs” şirkətinin bloqunda məlumat yayılıb.
Araşdırmaya görə, yeni virus qadjeti “Monero” kriptovalyutası əldə etmək üçün bir mexanizmə çevirir. Əldə olunmuş bütün vəsaitlər avtomatik olaraq dələduzların pul kisəsinə köçürülür.
Ekspertlər müəyyən edib ki, ələ keçirmə sisteminə əsasən, qurğudan sayta sorğu göndərilir və bu zaman qadjet şəbəkədə “şübhəli fəaliyyətlə bağlı xəbərdarlığı bloklayır.
“Malwarebytes Labs” şirkətinin mütəxəssisləri bildiriblər ki, mobil qurğulara nəzarəti ələ keçirmək üçün kiberhücum zamanı beş internet domenindən istifadə olunub. Onlardan ikisində təkcə son ay ərzində 30 milyondan çox giriş qeydə alınıb.
İstifadəçilər müəyyən müddətdən sonra həmin saytı tərk etsələr də, belə saytlarda keçirilən 4-5 dəqiqə virtual dələduzların zənginləşməsinə kifayət edib.
Kibertəhlükəsizlik mütəxəssisləri istifadəçiləri öz mobil qurğularını, fərdi kompüterlərini belə hücumlardan qorumağı tövsiyə edir.