Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
“Report” xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları "90-UR-366" dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə "Saxla!" əmri verib.
Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən "Naz Lifan"ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili "Naz Lifan"ın saxlanılmasında iştirak edib.