Xəbər verildiyi kimi, yanvarın 20-də səhər saatlarında Bakıda yaşayış binasında yanğın baş verib. Hadisə Səbail rayonu Neftçilər prospektində - Azneft meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yanğının ilk şahidləri yol polisi əməkdaşları olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Müşaiyət-eskort bölüyünün 1-ci tağımının əməkdaşları, baş serjant Vüsal Şəmsəddin oğlu İsmayılov və serjant Anar Arif oğlu Bədəlov Azneft meydanında xidmətdə olarkən binada yanğın baş verdiyini görüblər.
Səhər saatları olduğu üçün sakinlərin yanğından xəbəri olmayıb. Yol polisləri dərhal hadisə yerinə gedərək binaya daxil olublar. Onlar bir-bir qapıları döyərək sakinlərə binada yanğın baş verməsi barədə xəbər veriblər və binanı tərk etmələrinə kömək ediblər. Yuxarı mərtəbələrin birində yanğın nəticəsində yaranan tüstü vəziyyəti daha da ağırlaşdırıb. Buna baxmayaraq, yol polisləri qapını sındıraraq 84 yaşlı qadını həyətə düşürüblər. Bütün mənzilləri boşaldandan sonra yol polisləri binanı tərk ediblər. Təxminən 15 dəqiqə sonra sakinlərin çağırışı ilə əraziyə yanğınsöndürənlər və təcili yardım gəlib. Tüstüdən zəhərlənən yol polisi əməkdaşları Vüsal İsmayılov və Anar Bədəlova ilkin tibbi yardım göstərilib.
Külək yanğının qarşısının alınmasınada çətinliklər yaratsa da təxminən bir saat yarımdan sonra yanğın məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da, mənzillərə ziyan dəyib. Yanğına binanın damında naqillərində baş verən qısa qapanmanın səbəb olduğu ehtimal edilir. Çünki yanğın yatağı yoxlanılarkən orada qaz borusunun olmadığı məlum olub.