Pakistanın “National Herald Tribune” qəzetində “20 Yanvar – Qara Yanvar və Azərbaycanın müstəqilliyi” sərlövhəli məqalə dərc olunub.
Azərbaycanın Pakistandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, məqalənin girişində Azərbaycanın Pakistandakı səfirliyinin 22 yanvar tarixində Pakistan Daxili İşlər Nazirliyi və İslamabad Polisi ilə birlikdə şəhidləri anma tədbirinə hazırlaşdığı, eyni zamanda Pakistan-Azərbaycan Media Forumu tərəfindən 18 yanvar tarixində İbn Xaldun Akademiyasında bu səpkidə bir tədbirin keçirildiyi ilə bağlı məlumat verilir.
Daha sonra 20 Yanvar hadisələri ilə bağlı hissəyə keçən müəllif, ölkəmizdə həmin dövrdə baş qaldırmış etirazı yatırmaq və Azərbaycan xalqına “dərs vermək” məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik erməniləşmiş Sovet qoşunun Bakıya girdiyi, dinc əhalini atəşə tutduğu, tanklarla qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin olduğu 130-dan çox insanın həlak olduğu, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.
Bildirilir ki, bütün təzyiqlərə baxmayaraq növbəti gün Azərbaycan SSR-in Moskvadakı Nümayəndəliyinə gələn məhz ümummilli lider Heydər Əliyev, həyatına olan təhlükəni də gözə alaraq, ilk dəfə olaraq qətliamın baş verməsində Sovet rəhbərliyini açıq şəkildə həmin dövrdə ittiham edir və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Məqalədə 1990-cı ilin 22 yanvar tarixində bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük ümumi tətilin elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirildiyi qeyd olunur. Həmçinin, hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatları vurğulanır.
Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş və qurur nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkilir.
Sonda, Azərbaycan Prezidentinin sərəncamı ilə “20 Yanvar Şəhidləri” ailələrinin dövlət himayəsi altına alındığı və onların hər cür ehtiyaclarının qarşılandığı qeyd olunur, Azərbaycan xalqının da öz qəhrəman oğullarını və qızlarını unutmayaraq hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi bildirilir.