Binəqədinin icra başçısı Bakıdan yığdıqlarını rayonda necə əmlaka çevirib...
Bakıda onu bir çoxları "ev sökən” icra başçısı kimi tanıyır. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun belə tanınması əbəs deyil. İllərdir ki, mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə "ev sökmə əməliyyatları” haqda xəbərlər yazır, tikinti icazələrinin hansı şərtlərlə verildiyini də az qala hər kəs bilir. Bilinən həm də odur ki, "sökmə əməliyyatı”na ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanovun da adı tikinti-söküntü işlərində qırmızı xətlə keçir.
Sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan İlqar Süleymanov rəsmi vəzifəsi ilə yanaşı Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə də baxır. Mətbuatda İlqar Süleymanovun 1 gecənin içində Zeytunluq deyilən ərazidə sonradan 1 milyon manata satılacaq irı torpağı zəbt edib hasarlaması haqda da xəbərlər var. Q.Bayramovla İ.Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar Xaləddin İsgəndərovun qardaşı oğlu Nicata ötürülür. Sonuncunun qardaşı Valehin də adı Binəqədidəki tikinti-söküntü məsələlərində toplanan pullara nəzarət edən şəxs kimi keçir. Valehlə bağlı yeni məlumatlardan biri də budur ki, o, kefinin yaxşı vaxtında telekanallardan birinin məşhur aparıcılarından birinə qiyməti 1 milyon manata yaxın villa bağışlayıb.
Belə məlumatların mətbuatda bol olduğu bir vaxtda Xaləddin İsgəndərovun qurub-yaradan icra başçısı kimi tanınması heç ağlabatan da görünmür. Sən demə, belə deyilmiş...
2 ünvan üzə çıxıb ki, oralarda Xaləddin İsgəndərovu başqa tərəfdən tanıyırlar. Bu ünvanlardan biri Xaləddin İsgəndərov doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənddə, digəri isə istirahətini keçirdiyi Göygöl rayonunun Mixaylovka kəndindədir. Bakıdan uzaq olan bu ünvanlarda icra başçısı sah saraylarını xatırladan mülklər inşa etdirib. Bəli, bəli məhz inşa etdirib, sökdürməyib.
Bu məlumatları eşitdik və yerindəcə yoxlamaq üçün həmin ünvanlara yollandıq. Xanqərvənddə İsgəndərovların mülklərini axtarmaq üçün çox da vaxt sərf etməzsən. Yolun bir tərəfində uçuq-sökük, nə vaxtsa məhəllə dükanı olmuş qapı-pəncərəsi sınıq-salxaq balaca hücrə var, bir balaca qarşıda isə böyüklüyü, nəhəngliyi diqqəti cəlb edən mülk gözə çarpır. Bir qədər irəlidəki Xanqərvənd kənd orta məktəbi belə icra başçısının bir neçə il əvvəl tikdirdiyi mülklə bəhsə girməz.
Sakinlər deyirlər ki, Xaləddin İsgəndərovun burada da ilk işiməhz sökmək olub. İşə sanki Binəqədidə kasıb bir kişinin evini sökürmüş kimi başlayıblar. Başçı Xanqərvənddəki ata evini gün yarıma özülünə qədər sökdürüb. Qısa bir müddətdə ərazidən köhnə evin qalıqları ağır tonnajlı yük maşınlarına yüklənərək naməlum istiqamətə daşınıb. Əraziyə ölkənin dörd bir tərəfindən bahalı tikinti materialları daşınıb, az sonra adi bir kənd evinin yerində nəhəng bir mülk ucaldılıb. Köhnə hasar da uçurularaq əvəzində "Çin səddi” inşa edilib, Bakıda iri bir darvaza sifariş olunaraq Xanqərvəndə İsgəndərovların mülklərinə gətizdirilib. İndi hər kəs Xanqərvənddə X.İsgəndərovun necə varlanmasını və hansı miqyasda tikinti işləri aparmaq qüdrətinə çatmasını bu mülkə baxmaqla özü üçün aydınlaşdıra bilir. Binəqədidə ev sökən kimi ad çıxaran başçı Xanqərvənddə mülk ucaldandan sonra istirahətini də sakit, gözəgəlimli bir məkanda keçirmək haqda düşünməyə başlayıb.
Deyilənə görə, həmin günlərdə Xaləddin İsgəndərov varlı-karlı iş adamlarının torpaq aldıqları məkanlarla maraqlanıb. Ona Göygöl rayonunun Mixaylovka kəndini nişan veriblər. İndi Mixaylovkaya hansı səmtdən getsən villaların arasında iri bir malikanə diqqətini cəlb edəcək. Həmin malikanəni kənardan görənlərdə "Bura bəs kimindir” sualı yaranır. Ora da Xaləddin İsgəndərovundur.
Əsasən tikinti işlərinin sıx aparıldığı yay mövsümündə Xaləddin İsgəndərovun qoçu dəstələri kənd-kəsəkdə ev söküb, pul qoparıb tikintilərə icazə verdiyi vaxtlarda başçı Mixaylovka kəndindəki malikanəsində istirahət etməyi xoşlayır. Dağlar arasındakı kəndin ən gözəgəlimli yerindəki malikanə sanki bir gözətçi qülləsidir. Haradan baxsan, onu görürsən. Onun bir neçə hektarlıq üzümlüklərlə əhatələnən malikanəsindəki sarayı Aşıqlı kəndindən Mixaylovkaya gedən yoldan belə diqqəti cəlb edir. Yerli sakinlər deyirlər ki, son illər Göygölə gələn turistlər bu malikanənin fonunda foto çəkdirir, buraları nağıllardan reallığa köçürülən məkan bilirlər. Mixaylovka həm də Göygöl rayonunun ən bahalı torpaq sahələrinin satıldığı kənd kimi də tanınır. Burada torpağın sotu Bakının bir çox rayonlarında satılan torpaq sahələrindən bahadır. Xaləddin İsgəndərovun Mixaylovkada bir neçə hektar torpağı hansı məbləğə satın almasını dəqiq söyləmək çətindir. Binəqədinin icra başçısının Mixaylovkadakı malikanəni təkcə maaşı hesabına əldə etmədiyi isə dəqiqdir. Binəqədidə tikinti-söküntü işlərindən əldə olunan gəlirlərin bu məkanlara axıdıldığı da istisna deyil.
Mənbə: Yeni Müsavat