Bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.
Median.Az “Xəzər” TV-yə istinadən məlumat verir ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər.
Görünən yerlərə siqaret çəkilməsinin qadağan edildiyini göstərən nişanlar vurulub.
Şadlıq saraylarından bildirilib ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edilir. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir. İnzibatçılar bildirir ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.
Bununla belə, restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.
Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.