Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.
Median.Az-in avtosfer.az-a istinadən xəbərinə görə, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib.
Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar.
Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub.
Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşayiət olunara Bakıya yola salınıb.
Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşayiətlə hərəkəti üstün tutublar. Onlar bildiriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.
Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.
Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.