Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-dən verilən məlumata görə, təlim Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində keçirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının da cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.