Şəmkir rayonunda əsən güclü külək bir neçə kənddə istixanalara zərər vurub, elektrik enerjisinin verilməsi dayandırılıb.
“Report”un məlumatına görə, Əliyaqublu, Qədimqala və yaxın kəndlərdə sahibkarlara məxsus bir neçə istixana ziyan çəkib.
Şəmkir şəhərinin bəzi küçələri, Kür qəsəbəsi, Yeniabad, Mahmudlu, Təzəkənd, Keçili və yaxın kəndlərdə elektrik enerjisində fasilə yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən küləyin yaratdığı fəsadlar dəqiqləşdirilir və problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, günün ikinci yarısından başlayaraq Qərb bölgəsinin bir neçə rayonunda, həmçinin Gəncə şəhərində güclü külək müşahidə olunur.