Masazırda aksiya, sakinlər yolu bağladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?  |     22:58 “Adsız Mercedes”lərin istehsalı başlandı - FOTO  |     22:50 “28 May”ın ətrafı: 75 il 44 saniyədə - VİDEO  |     22:42 Bərdədə çayda batan Əlinin - Fotosu  |     22:37 ÇL-də İngiltərənin 6 klubu olacaq  |     22:30 Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI  |     22:25 Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin  |     22:18 Rafael Ağayev əməliyyat olundu - FOTO  |     22:13 “Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər  |     22:05 Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA  |     21:59 Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik  |     21:53 KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI  |     21:47 “WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi  |     21:39 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 "dostu"  |     21:34 "Ferrari" ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı  |     21:25 Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA  |     21:19 770 min manat vergi borcu olan şirkət kimindir?  |     21:12 BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq  |     21:04 Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?  |     20:59 Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO  |    

Masazırda aksiya, sakinlər yolu bağladı

“Yeni Bakı”lılar evlərinə gedən yolu bağladılar. Şəhərcik sakinləri su problemindən narazıdır”.

İyunun 13-də axşam saatlarında Masazırın “Yeni Bakı” adlanan şəhərciyinin sakinləri evlərinə gedən yolu bağlayıblar. Səbəb 10 gündən artıq müddətdir ki, şəhərciyə gələn içməli suyun kəsilməsidir.

Əraziyə çoxlu sayda polis gəlib. Onlar sakinləri dağıdaraq, yolu açıblar. Ancaq sakinlər evlərinə getməyiblər. Nəticədə Masazır bələdiyyəsinin sədri Siyanifər Əliyev, Masazır qəsəbəsinin icra nümayəndəsi və “Azərsu” ASC rəhbərliyindən gəliblər. Sakinlərə suyun niyə gəlməməsinin səbəbini açıqlayıblar.

“Yeni Bakı” sakini Suraman Xəlilova su probleminin hər il təkrarlandığını söyləyir. Deyir, bu il də hər il olduğu kimi 10 gündən artıqdır su gəlmir. Ancaq burada ev alanda onlara suyun 24 saat olacağını söyləyiblər:

“Odur ki, heç kim evinə su çəni qoymayıb. İndi 10 gündür su yoxdur. Gündə 1-2 saat açırlar, o da zəif. Yayın istisində 1-2 saatla nə olandır? Komendanta zəng edirik, deyir: “bizlik deyil, “Azərsu”nun problemidir”. “Azərsu”ya zəng edirik, deyirlər, problem sizin şəhərcikdən qaynaqlanır. Bir həftə səsimizi çıxarmadıq, dözdük. Çünki söz verdilər ki, həll ediləcək. Daha dözə bilmirik. Biz şəhərdən evimizi satıb bura suya, yaşıllığa görə köçmüşük. Bu, nə bəladır açırlar başımıza?”

Xuraman Xəlilova deyir ki, burada yaşayanların hamısı kasıb insanlardır. Özləri öz problemlərini çözəcək durumda deyillər:

“Biz nə qədər çimmək üçün kiminsə qapısına getməliyik? Bir ətək kommunal haqqı veririk, bir qəpik verməyəndə deyirlər, hamısını ödəməlisən, yoxsa işığını kəsəcəyik. Əhali çoxaldıqca, su problemi də artır. Burada yaşayanların hamısı kasıb camaatdır. İmkanımız olsa, özümüzə su tədarükü görərik, bura yığışmarıq. Komendanta da nəsə deyirsən, deyir, burada mənəm, Bağdadda kor xəlifə. Hara istəyirsiniz, şikayət edin”.

Sakinlərdən Samir Əliyev problemləri ilə bağlı indiyə kimi çox yerə müraciət etdiklərini söyləyir. “Azərsu”ya, komendanta, icra hakimiyyətinə. Ancaq şikayətlərinə baxan olmayıb:

“Məncə, işığa qənaət etmək üçün belə edirlər. Onların su hovuzları var. Günə həmin motorlara 10 saat fasilə verəndə aya 5 min manat qabağa düşürlər. 10 gündən artıqdır susuz qalmışıq. Çəni olan istifadə edir, biz qalmışıq pis vəziyyətə. Ümumiyyətlə, buradakı komendantlıq da qanunsuz fəaliyyət göstərir. Onları heç kim seçməyib”.

Rafael Orucov da şikayətçidir. Deyir, su gəlmədiyi üçün yaşayışları iflic duruma düşüb:

“Necə olur burada yaşamayan adamdan kommunal haqqı alırlar ancaq indi yaşadığımız halda, suyumuzu kəsirlər? Su olmayanda da həyat sönür. Gündə 1-2 saat gəlir. Onda da qabı-qaşığı doldururuq. Evdə uşaq var, böyük var, çatmır gün ərzində”.

Zaur Hüseynov da “Yeni Bakı” sakinidir. Deyir, qapılara bildiriş vurulmuşdu ki, müvəqqəti narahatçılıqdır. Bir neçə gün də olmayacaq:

“Müvəqqəti narahatlıq dönüb olub daimi narahatlıq. Komendantlığa zəng edirik, normal cavab yoxdur. İşdən gəlirik, su yoxdur. Belə yaşamaq olmur axı”.

Şəhərciyin komendantı Ehtiram Yusifov problemin “Azərsu” ASC ilə bağlılığını, suyun təzyiqinin aşağı olduğu, “Yeni Bakı” şəhərciyi isə yüksəklikdə yerləşdiyi üçün belə problem yarandığını söyləyir.

Əraziyə gələn “Azərsu” ASC-nin nümayəndəsi sakinlərə açıqlamasında problemin onlarla bağlı olmadığını söyləyib:

“Ətrafdan “Azərsu” ASC-nin böyük həcmli boruları keçir. “Yeni Bakı” şəhərciyinə gələn su borularının ölçüsü kiçik olduğundan təzyiqi aşağıdır və nəticədə su problemi yaşanıb. Biz şəhərcik nümayəndələrini sabah “Azərsu” ASC-yə dəvət etmişik. Tezliklə bir çıxış yolu tapıb, probleminizi həll edəcəyik”.

Masazır bələdiyyəsinin sədri Siyanifər Əliyev isə bildirib ki, problem hər nədirsə, tezliklə həll edilməlidir:

“Yayın istisində susuzluq çətindir. Hər halda aidiyyatı qurumlar bir yolunu tapıb, həll etməldirilər. Biz də əlimiz çatan hər yerə müraciət etmişik. Ümid edirəm, problem tezliklə həllini tapacaq”.

Mənbə: Meydan TVскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 221 14.06.18 17:34