Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar

20.11.2026 13:45 48
Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.

Median.Az-ın məlumatına görə, sözügedən məsələ Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.

Sözügedən qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin plan-ölçüsünün verilməsinə başlanılıb.

Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən, onlara mülkiyyət hüququnu təsdiqləyən sənəd əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda sahə vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə özünü göstərib.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin olunacaq.//oxu.az

Son xəbərlər