Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək |
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq

04.11.2026 22:02 222
Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq
Azərbaycanda xarici ölkə vətəndaşlarının yerli ali təhsil müəssisələrində dövlət hesabına təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsait artırılır. 2027-ci ildə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramına 5 milyon 169.4 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı ildə nəzərdə tutulan 3.7 milyon manatla müqayisədə 1 milyon 469.4 min manat və ya 39.7 faiz çoxdur.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin materiallarında əksini tapıb.

Sənədə əsasən, sözügedən proqram 2027-ci ildə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar sırasındadır.

Müqayisə üçün, 2026-cı ilin dövlət büdcəsində proqram üzrə daha 100 yeni təhsil qrantı nəzərə alınmaqla, ümumilikdə 282 təhsil qrantının maliyyə təminatı üçün 3.7 milyon manat vəsait nəzərdə tutulub.

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı Prezident İlham Əliyevin 8 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis edilib. Proqramın məqsədi xarici ölkə vətəndaşlarının Azərbaycan ali təhsil müəssisələrində təhsil almasına dövlət dəstəyinin göstərilməsidir.

Proqram çərçivəsində 2024-2025-ci tədris ilindən başlayaraq beş il ərzində hər il 100 nəfərə, ümumilikdə isə 500 əcnəbi vətəndaşa təhsil qrantının verilməsi nəzərdə tutulub.

Təhsil qrantından İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşları yararlana bilərlər.

Qrantlar Azərbaycan ali təhsil müəssisələrində hazırlıq kursları, bakalavriat, əsas tibb təhsili, magistratura, rezidentura və doktorantura pillələrini əhatə edir.

Proqram iştirakçılarının yalnız təhsil haqqı deyil, bir sıra digər xərcləri də dövlət tərəfindən qarşılanır. Bunlara viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı, nəqliyyat, kommunal xidmətlər, tibbi yardım, həmçinin ildə bir dəfə öz ölkələrinə gediş-gəliş xərcləri daxildir. Nəqliyyat xərclərinin maliyyələşdirilməsinə taksi xidmətləri daxil deyil.

Proqramın əhatə dairəsi ilə bağlı son göstəricilərə əsasən, 2026-2027-ci tədris ili üçün 64 ölkədən yüzlərlə namizəd müraciət edib. Seçim nəticəsində 55 ölkənin 100 vətəndaşı təhsil qrantına layiq görülüb.

Seçilən şəxslər Azərbaycanın 11 ali təhsil müəssisəsində təhsil alacaqlar. Bu universitetlər sırasında ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti yer alır.

Əvvəlki illərdə də proqram üzrə hər il 100 nəfər seçilib. Belə ki, 2024-2025-ci tədris ilində 35 ölkədən, 2025-2026-cı tədris ilində isə 51 ölkədən 100 nəfər təhsil qrantı qazanıb.

Beləliklə, proqram üzrə illik yeni qrantların sayı 100 nəfər olaraq müəyyən edilsə də, əvvəlki illərdə qəbul edilmiş tələbələrin təhsilinin davam etməsi maliyyələşdirilən qrantların ümumi sayına təsir göstərir.

Qeyd edək ki, 2027-ci il üçün nəzərdə tutulan 5 milyon 169.4 min manatlıq vəsaitin neçə tələbənin təhsilini əhatə edəcəyi və maliyyələşmədəki artımın konkret səbəbləri təqdim olunan sənəddə əksini tapmayıb.
//oxu.az

Son xəbərlər