Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı

29.07.2026 15:15 351
Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı
Bu il doktoranturaya qəbul prosesində yoxlanılan beynəlxalq dil sertifikatlarından 11-i saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu üçün qəbul edilməyib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, doktoranturaya qəbul imtahanlarında təqdim olunan beynəlxalq xarici dil sertifikatlarının keçid ballarına ekvivalentliyi və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə DİM-in Direktorlar Şurasının qəbul etdiyi qərarla tənzimlənir.

V.Misirovun sözlərinə görə, xüsusilə “TOEFL iBT Home Edition” formatında əldə olunan sertifikatlarla bağlı əvvəlki illərdə qeyri-obyektiv və qeyri-şəffaf hallar aşkar edildiyindən həmin sənədlər əlavə yoxlamadan keçirilir.

“Bəzi vətəndaşlar beynəlxalq sertifikatların niyə yoxlanıldığını soruşurlar. Lakin sertifikatları təqdim edən beynəlxalq qurum – “Educational Testing Service” (ETS) müəyyən hallarda sorğularımıza cavab olaraq bəzi sertifikatların saxta olduğunu təsdiqləyib. Buna görə də həmin sənədlərin yoxlanılması zəruridir”, – deyə o qeyd edib.

DİM rəsmisi bildirib ki, cari il ərzində yoxlanılan beynəlxalq dil sertifikatlarından 162-si təsdiqlənib, 11-i isə saxta və ya qeyri-şəffaf üsullarla əldə edildiyinə görə etibarsız sayılıb. Bəzi nüfuzlu xarici universitetlər də “TOEFL iBT Home Edition” sertifikatlarını qəbul etmir. ETS-in verdiyi səlahiyyət əsasında DİM təqdim olunan sertifikatların həqiqiliyini yoxlamaq hüququna malikdir və bu proses davam etdirilir.

Son xəbərlər