Mojo.az Banner
18:16 Sosial şəbəkələr çökdü  |     18:05 Ağdamda 21 yaşlı oğlan yeniyetmə qızla münasibətdə olub: "Məni şantaj etdi" – TƏFƏRRÜAT  |     17:58 Yeni dələduzluq üsulu yayılıb - Telefonunuzla sizi gizli şəkildə belə çəkirlər - Video  |     17:55 Həftəsonu maqnit qasırğası olacaq  |     17:35 Bakıda 22 yaşlı narkokuryer tutuldu  |     17:33 Hacıqabulda günəş elektrik stansiyasının tikintisi məqsədilə torpaq sahəsi ayrılıb  |     17:14 Parklanma cəriməsi və ödənişi eyni vaxtda tutulursa - Vəkil danışdı  |     17:06 Akif Nağı: Azərbaycanlıların xarici münaqişələrə cəlb olunması təhlükəli tendensiyadır  |     16:50 Sosial şəbəkələrə 50 min manatlıq cərimə: Deputat açıqladı  |     16:45 Azərbaycanda baş verən güclü zəlzələdə dağıntı qeydə alınıb? - AÇIQLAMA  |     16:01 TƏBİB-in bəzi müəssisələrində yoxlama aparıldı: 30-dan çox əməkdaş CƏZALANDIRILDI  |     15:48 Nərimanovda moped oğurlayan şəxslər saxlanıldı  |     15:28 Azərbaycanda güclü zəlzələ olub - FOTO  |     15:24 Azərbaycanda 50 min manata qədər məbləğdə cərimələr müəyyənləşir  |     15:12 Azərbaycanda sosial şəbəkələrdə uşaqlar üçün yeni qeydiyyat TƏLƏBLƏRİ müəyyənləşir  |     15:07 İrandan Azərbaycana PUA ilə narkotik daşınmasının qarşısı alınıb  |     15:06 Azərbaycan Portuqaliyada səfirlik açacaq  |     15:05 Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında  |     15:04 Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu  |     15:03 Azərbaycanda qadın evində baltalanaraq qətlə yetirildi  |    
Left Banner
Right Banner

Sosial şəbəkələrə 50 min manatlıq cərimə: Deputat açıqladı

12.06.2026 16:50 468
Sosial şəbəkələrə 50 min manatlıq cərimə: Deputat   açıqladı
Qanun layihəsinə əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələr üçün yeni tələblər və ciddi cərimələr nəzərdə tutulur. Platformalar istifadəçilərin yaşının yoxlanılması, 16-18 yaşlı şəxslərin təhlükəsizliyinin qorunması, zərərli məzmunun qarşısının alınması və dövlət orqanlarının sorğularına vaxtında cavab verməklə bağlı öhdəliklər daşıyacaq. Tələbləri pozan hüquqi şəxslər 50 min manata qədər cərimələnə biləcəklər.

Bu qanun layihəsinin hazırlanmasına hansı problemlər və ya statistik göstəricilər səbəb olub?

"Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları" dedikdə konkret hansı platformalar nəzərdə tutulur?

Toplanacaq fərdi məlumatların təhlükəsizliyi necə təmin ediləcək?

Zərərli məzmun anlayışına konkret olaraq nələr daxildir və bunu kim müəyyən edəcək?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, təqdim olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən köklü dəyişikliklərə dair mühüm qanun layihəsi sosial şəbəkə platformalarından uşaqların istifadəsini və şərtlərini tənzimləyir.
Deputatın sözlərinə görə, üç komitənin birgə tədbirinə dəvət olunan çoxsaylı dövlət və hökumət nümayəndələri, müvafiq təhsil və səhiyyə orqanlarının rəhbərləri, media və üçüncü sektorun aparıcı təmsilçiləri hüquqi təşəbbüsün millətimiz üçün əhəmiyyətini xüsusi vurğuladılar, dövlətimizin mövqeyinin əhaliyə düzgün və səmərəli bir dillə, dialoq və qarşılıqlı anlaşma mühitində çatdırılmasına müsbət töhfələrini verdilər. Qanunvericiliyin direktiv bir sənəd kimi yox, məhz xalqımızın sosial sifarişindən doğulduğunu sübuta yetirdilər.

Zahid Oruc qeyd edib ki, vahid dövlət siyasətinin formalaşması və qanunun qəbulundan əvvəl ictimai rəyin səfərbərliyi son 5 günlük müzakirələrin müsbət yekunudur.

Qanunun gələcəkdə işlək olmasını təmin edəcək ən mühüm amil şirkətlərə cərimə mexanizmi, texniki yoxlama sistemi, beynəlxalq təcrübə ilə kifayətlənmir – bunların hamısı vacibdir. Lakin qanunun həyatda uğur qazanması üçün yeganə amil: böyük ictimai dəstəkdir.

Komitə sədri onu da əlavə edib ki, müəyyən qlobal korporasiyaların və onların təsir dairəsində olan müxtəlif kontent yaradıcı süni intellekt alqoritmlərinin dərhal güclü əks kampaniya aparacağını gözləyirdik. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, "senzura tətbiq olunur", "uşaqların hüquqları məhdudlaşdırılır", "hamını nəzarət altına almaq istəyirlər" kimi ittihamların səslənəcəyi proqnozlaşdırılırdı. Lakin tam əks mənzərə yarandı.

"Komitə müzakirələrindən sonra bəzi dairələr iddia edirdilər ki, sosial media məhdudiyyətləri uşaqlarda aqressiya yaradacaq, onları cəmiyyətdən təcrid edəcək. Hətta müəyyən mənada insanları ölçülməmiş arqumentlərlə şantaj etməyə çalışırdılar.

Lakin nəticələr tam fərqli oldu. Valideyn birlikləri, müəllimlər, məktəb ictimaiyyəti, psixoloqlar, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri təşəbbüsə böyük dəstək verdilər. Dövlətlə cəmiyyət arasında çox mühüm bir anlaşma və konsensus nümayiş olundu.

Doğrudur, uzun müddət sosial media və oyun asılılığı formalaşan bəzi uşaqlarda ilk mərhələdə narahatlıq və müqavimət yarana bilər. Lakin beynəlxalq təcrübə göstərir ki, müəyyən adaptasiya dövründən sonra uşaqların emosional vəziyyəti yaxşılaşır, yuxu rejimi normallaşır, diqqət qabiliyyəti artır və sosial münasibətlər güclənir", — Z. Oruc vurğulayıb.

Heç kimin texnologiyaya qarşı çıxmadığını deyən deputat bildirib:

"Əksinə, şəbəkə savadlılığı, rəqəmsal yetkinlik və elektron inkişaf dövlətimizin birinci prioritetidir. Prezident İlham Əliyevin Rəqəmsal İnkişaf Şurasını yaratması, strateji proqramları qəbul etməsi əyani sübutdur.

Harvard Universitetinin elmi araşdırmaları göstərir ki, sosial media alqoritmləri beyinin dopamin sistemini kazino mexanizmləri, siqaret və alkoqola bənzər şəkildə aktivləşdirir.

Proqram uşaq psixologiyası üzərində qurulan bir dizayndır. Sonsuz sürüşdürmə (infinite scroll), avtomatik video oynatma (autoplay), "qaçırma qorxusu" (FOMO) bildirişləri – hamısı laboratoriyalarda yeniyetmələrin beyni və psixologiyası əsasında test edilib. Məqsəd birdir: uşaqları platformada daha çox saxlamaq. Ona görə də rəqəmsal sakin, rəqəmsal miqrasiya, miqrasiya, rəqəmsal kənd, şəhər, ölkə termini yalnız müsbət məna daşımır".

"Netflix-dən sızdırılan bir sənəd də göstərilənləri təsdiqləyir: "Bizim əsas rəqibimiz yuxudur." Korporasiya uşaqların həyat və gündəlik rejimi üzərində istismar planı qurub.

ÜST-ün 2023-cü il hesabatına görə, 13-17 yaş yeniyetmələrinin 95 faizi aktiv sosial media istifadəçisidir. Göstərilən yaş qrupunun 35 faizi gündə 5 saatdan çox ekran vaxtı keçirir.

Interpol-un 2023-cü il hesabatı göstərir ki, uşaqlara qarşı onlayn cinsi istismar hallarının 78 faizi sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilir.

Azərbaycanla bağlı araşdırmalara gəldikdə isə, 2025-ci ildə aparılan ictimai rəy sorğusuna görə, ölkəmizdə 10-17 yaş qrupunun 89.4 faizi smartfon istifadəçisidir, 76.6 faizi gündəlik sosial mediaya daxil olur. Gündəlik orta istifadə müddəti 4 saat 12 dəqiqədir – bir uşağın oyaq qaldığı vaxtın 30 faizi. 12-15 yaş qrupunun 42 faizi gecə saat 23:00-02:00 arasında telefona baxır. Həmin sorğuda respondentlərin 87,3 faizi 16 yaşdan aşağı uşaqlar üçün sosial media məhdudiyyətini dəstəkləyir – yəni, ictimai sifariş olduğu təsdiqlənir", — o, deyib.

Dünya təcrübəsinə misal gətirən deputat əlavə edib:

"Beynəlxalq təcrübəyə gəldikdə isə, Avstraliya 2024-cü il noyabrında Online Safety Amendment (Social Media Minimum Age) Act 2024-ü qəbul etdi – 16 yaşdan kiçik uşaqlar üçün sosial media yasağını qanunla müəyyən edən dünyada ilk ölkə oldu. Tələblərə əməl etməyən platformalar 49,5 milyon Avstraliya dollarına qədər cərimə ödəməlidir.
2026-cı ildə qanunun nəticələrini yoxlamaq üçün aparılan sorğuya görə əvvəllər uşaqların yalnız 33 faizi, valideynlərin 42 faizi hüquqi yolla əhval-ruhiyyəni yaxşılaşdıracağına inanırdı.

Fransa 2023-cü ildə Rəqəmsal Yetkinlik Yaşı haqqında Qanunu – "Loi visant à instaurer une majorité numérique" – qəbul etdi. 15 yaşdan kiçik uşaqlar platformalara qoşulmaq üçün valideyn razılığı almalıdır. Parlament qanunu 83.5 faizlik səs çoxluğuyla keçirdi. Nəticədə 11-14 yaş qrupunda sosial media istifadə müddəti 27.4 faiz azaldı.

İspaniya sosial mediaya qoşulma qanununu qəbul edərkən konkret bir faciədən çıxış edirdi: 2021-ci ildə yaşanan bir sıra uşaq intihar hadisələri sosial media bullyinqi ilə birbaşa əlaqəli idi.

Böyük Britaniya 2021-ci ildə Yaşa Uyğun Dizayn Kodeksini tətbiq etdi – 18 yaşdan kiçik istifadəçilər üçün platformaların uşaq mənafeyi üzrə dizayn öhdəlikləri tələb etdi. ABŞ-ın Florida, Texas, Karolina ştatları 14-16 yaş məhdudiyyətləri qəbul etdi".

"Uşaqların sosial mediadan istifadəsinə valideynlərin münasibəti qanun layihəsinin hazırlanmasında müstəsna rol oynayıb. Misal olaraq, 2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən mötəbər ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması təklifini dəstəkləyir. 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.

İnkar edilməz faktdır ki, rəqəmsal texnologiyalar uşaqlar üçün misilsiz imkanlar açır: dünya kitabxanalarına giriş, onlayn təhsil platformaları, yaradıcılıq alətləri, beynəlxalq ünsiyyət. Süni intellekt, kodlaşdırma, rəqəmsal dizayn – bunlar gəncliyin gələcək peşəsidir. Övladlarımızın texnologiyadan uzaqlaşması deyil, düzgün anlaması, alqoritmlərin necə işlədiyini bilməsi valideynlərin və təhsilin bir nömrəli vəzifəsidir.
Ona görə də məktəb proqramlarına rəqəmsal savadlılıq dərslərinin daxil edilməsi vacibdir.

Ailə büdcəsinə təsir: oyun içi satınalmalar, influencer reklamları ilə yönləndirilən istehlak, abunəlik xidmətləri Azərbaycan ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupunun aylıq rəqəmsal xərcləri orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir. "Loot box" mexanizmi – şans əsasında mükafat qutusu – Belçika və Hollandiyada qanunsuz qumar mexanizmi kimi tanınaraq qadağan edilib".

"“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərin əsas mahiyyətini diqqətinizə çatdırmaq istərdik. Təkliflərə görə, 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi hesab açması təxirə salınır. Platforma provayderlərinə bank kartı, e-poçt, mobil nömrə əsaslı yaş doğrulama mexanizmləri məcburi edilir. 16-18 yaş qrupu üçün valideyn razılığı tələb edilir; valideynlər uşaqlarının izlədikləri məzmunu, reklama məruz qalmasını, platformada keçirdikləri saatları idarə edə bilər. Sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikaları göstərilən yaş qrupu üçün qadağan edilir. Toplanan şəxsi məlumatlar yoxlama başa çatdıqdan sonra dərhal silinir. Provayderlər hər il yanvarın 15-dək hesabat təqdim etmək tələb olunur.

Qanun uşaqları internetdən məhrum etmir. Onlayn təhsilə, yaradıcılıq platformalarına, mesajlaşma tətbiqetmələrinə toxunmur.

Dövlətimizin uşaqlar üçün yaş senzini tətbiq etdiyi sahələr: siqaret, alkoqol, soyuq silah satışı, qeyri-əxlaqi məzmunla eynidir. Sosial media da həmin sırada öz yerini alır. Uşaqların fiziki mühitdə qorunduğu qaydalar virtual mühitə tətbiq edilir – prinsip davam etdirilir.

Burada əsas məsələ boşluq yaratmağa yox, həmin vaxtı düzgün məzmunla doldurmağa xidmət edir.

Ona görə də məqsəd uşağın əlindən telefonu almaq yox, onun həyatını kitab, elm, idman, yaradıcılıq, ailə ünsiyyəti və real sosial münasibətlərlə zənginləşdirməkdir.

Zəfər nəslini böyütmək üçün mütləq uşaqları və gəncliyi kiber məkanda qorumalıyıq.

Ümidvarıq ki, millət vəkilləri gələcəyimiz olan gənclərin sağlam və təhlükəsiz böyüməsinə xidmət edən layihəni müdafiə edəcəklər", — Zahid Oruc sonda yekunlaşdırıb.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner