Mojo.az Banner
23:01 Eldar İsmayılovun cinayət işinə xitam verildi  |     22:54 Xəzərin şor suyu necə və nə vaxt içməli hala gətiriləcək? - DETALLAR  |     22:49 Yuri Qaqarinlə görüşən azərbaycanlı qadın: "O mənə medal da verdi" (Video)  |     22:41 Tbilisi prospektində maşın yanır - Video  |     22:36 Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...  |     22:30 Taksilər hansı yanacaqdan istifadə edir? - SAY AÇIQLANDI  |     22:22 Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur - Video  |     22:17 Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi  |     22:08 Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırıldı  |     22:03 "Youtube" tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək (Video)  |     21:55 Şəmkirdə Türkmənistan vətəndaşı bıçaqlanıb  |     21:49 Bu səhnəyə görə “ARB”yə qadağa qoyuldu - Video  |     21:44 Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  |     21:36 X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı  |     21:31 BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb  |     21:23 Ölümcül parazit: İllərlə əlamət göstərmir, orqanizmi yavaş-yavaş məhv edir  |     21:15 Ərinin qətlini sifariş verən qadına və tanışlarına hökm oxundu  |     21:10 Adnan Əhmədzadə yenə həbsdə qaldı  |     21:03 Bu yolda sürət həddi endirildi  |     20:58 Cəlilabadda avtomobil piyadanı vurdu  |    
Left Banner
Right Banner

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsində şahidlər ifadə veriblər

13.01.2026 17:56 111
Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsində şahidlər ifadə veriblər
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan İ.A. bildirib ki, 1997-ci ildə "Bon Accord" şirkətində anbardar kimi işə başlayıb:

"1998-ci ildən isə "Bon Accord" şirkətində mütəxəssis işləmişəm. İndi həmin şirkətin rəhbəri vəzifəsində işləyirəm. Bu şirkət 1999-cu ildən əsasən neft sənayesi üzrə boru təchizatı ilə məşğul olub. Boruları Almaniya, Rumıniya və digər ölkələrdən almışıq".

O, Martin Ryanın nömrəsini ona həyat yoldaşının verdiyini bildirib:

"Həyat yoldaşıma da Martini məktəbdən bir valideyn məsləhət görmüşdü. Martin həm də fransız dilini bilirdi. Məktəbdə də fransız dili tədris olunurdu. Dedim ki, uşağın fransız dili təkmilləşsin. Övladımı onun yanına şahmat dərslərinə qoyduq. Martinlə aramda qısa dialoqlar olub. 2021-ci ilin payızında Martin mənə dedi ki, həm də çaxır biznesi ilə məşğuldur. Şərik axtardığını bildirdi. Mən əvvəl razı idim. Sonra məsləhətləşdim, Martinə razı olmadığımı bildirdim. Daha sonra Martin xaricdən çaxır gətirmişdi. Mən də ondan iki qutu çaxır aldım".

Şahid deyib ki, daha sonra onların növbəti görüşümü baş tutub. Həmin görüşdə Martinin yanında Z.M. adlı bir şəxs də olub:

"O, görüşdə Martinlə fransızca danışırdı. Mən belə bahalı içkiləri kimin alacağını soruşdum. Onlar isə mənə dedilər ki, xarici ölkə səfirlikləri tez-tez tədbir keçirir. Məhsulu onlar alacaq. Bu görüşdən ayrılanda Martinlə birgə getdik. Yolda məndən Böyük Britaniya səfirliyi ilə əlaqəmin olub-olmadığını soruşdu. Mən isə heç bir əlaqəmin olmadığını bildirdim".

Daha sonra şahid Martinlə dialoqu çərçivəsində aralarında olan söhbətlərə toxunub. Martinin onun rəhbəri olduğu şirkət barədə maraqlandığını bildirib. O isə şirkətin əsas qərargahının Fransada yerləşdiyini Martinə deyib:

"Bon-Accord" şirkətinin Azərbaycandakı filialının baş ofisinin 2019-cu ilədək Marsel şəhərində olmasını və əvvəllər bu səbəbdən Fransaya tez-tez getdiyimi Martinə demişdim. Bundan sonra Martin ofisin Marsel şəhərinin hansı hissəsində yerləşdiyini, işlədiyim şirkətin hansı ölkənin filialı olduğunu, sırf hansı fəaliyyətlə məşğul olduğunu soruşdu. Mən isə cavabımda ofisin Marselin yaxınlığında Vitrol şəhərində yerləşdiyi, Böyük Britaniya şirkətinin filialı olduğu, boru və fittinqlərin idxalı, satışı ilə məşğul olması barədə ona dedim. 2005-2019-cu ilə kimi mərkəzi ofis Fransanın Marsel şəhərində olsa da, əslində bu şirkət beynəlxalq qrupun tərkibində idi".

Şahid həmçinin qeyd edib ki, 2023-cü ilin may ayında Martin Ryan ona zəng vuraraq görüş təklif edib:

"Generatorların alqı-satqısı ilə bağlı görüşdük. Martin tək deyildi. Yanında bir rus milliyətinə bənzər qadın və iri cüssəli, ucaboy kişi var idi. Generatorların ölkəyə gətirilib satılması ilə bağlı təklif verildi. Mən analiz etdim ki, Azərbaycanda bu işlə kifayət qədər məşğul olan var. Onun üçün də mən buna razı olmadım. Bizim onunla Fransa şirkətləri ilə bağlı söhbətimiz oldu".

Daha sonra prosesdə iş üzrə şahid qismində tanınan İ.İ. ifadə verib. Şahid bildirib ki, Bakı şəhəri 80 saylı Mənzil Kommunal İstismar sahəsində işləyir:

"2023-cü ilin dekabrın 4-də iş yoldaşım ilə birgə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən mənzillərin birinə məhkəmə qərarı əsasında DTX əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı öz razılığımız əsasında hal şahidi kimi iştirak etmişik. Orada olarkən bildik ki, bu mənzildə Azad Məmmədli yaşayır. Bundan sonra bizdən Azad Məmmədlini tanıyıb-tanımadığımızı soruşdular. Biz də tanımadığımızı bildirdik. Bundan sonra bizim və ev sahibinin iştirakı ilə mənzilə baxış keçirildi. Baxış zamanı evdə fləşkartlar, mobil telefonlar, noutbuk kompüterləri, çoxlu sayda vizit kartlar və digər əşyalar aşkar edildi".

Məhkəmənin növbəti iclası fevralın 2-də keçiriləcək.

İttiham aktına görə, Martin Ryanın ölkəmizdə istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı ordumuzun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış adamlar, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3