Mojo.az Banner
18:42 Şamaxıda kişi dəm qazından boğularaq ölüb  |     18:37 Sumqayıtda dəmir yolundan 67 min manatlıq oğurluq olub  |     18:29 BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər  |     18:24 KİV: Britaniya NATO-nun köməyi olmadan "Prince of Wales" aviadaşıyıcısını istifadə edə bilməyəcək  |     18:15 İordan çayının qərb sahilində terror aktı törədildi: Ölən və xəsarət alanlar var  |     18:09 Sabah Sumqayıtın bəzi ərazilərində su olmayacaq  |     18:04 İnternet resurslarının fəaliyyətində yaranmış fasilə ilə bağlı Dövlət Xidməti açıqlama yaydı  |     17:48 Azərbaycan cüdoçuları Riqada keçirilən turnirdə dörd medal qazandılar  |     17:32 İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - Hamı xəstəxanada imiş (FOTO)  |     17:17 Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ  |     17:16 İki milli parkın hüquqi statusu müəyyənləşib  |     16:39 Dünyada, o cümlədən Azərbaycanda saytlara girişdə problem yaşanır  |     16:25 Arvadını xəyanətə görə döyən şəxs həbs edilib  |     16:23 Bakı metrosunda qatar relslərinə düşənlərin görüntüləri - Video  |     15:45 Ali Məhkəmə Bəxtiyar Hacıyev barəsində qərar verib  |     15:29 Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub  |     15:15 Bakıda 70 min manat və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı - Video  |     15:06 Bakıda qadın işlədiyi təndirxanada öldü  |     14:55 Bir toyuğa görə qadına kəllə atdı, 1100 manat cərimə ödədi  |     14:40 "Bitcoin"in qiyməti aprel ayından bəri ilk dəfə 90000 dollardan aşağı olub  |    
Left Banner
Right Banner

Ali Məhkəmə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib

03.09.2025 19:17 204
Ali Məhkəmə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, iddiaçı adının daha yaxşı səsləndiyini düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında, təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə müraciət edib.

Birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin etməyib.

Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir:

- uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir;

- İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.

İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunub-olunmadığına diqqət yetirməlidir.

Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.

Həmçinin adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır.

Ali Məhkəmə qərarında qeyd edib ki, iddiaçının fərdi marağı onun şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına müdaxilə etmişdir. Lakin hazırkı işin halları baxımından cavabdehin imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olmuşdur. İddiaçının sadəcə simvolik və emosional motivasiyalara əsaslanan ad-soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil.

Yuxarıda şərh edilənlərə əsasən, Ali Məhkəmə iddiaçının şikayətini təmin etməyib, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
скачать dle 11.3