Son aylarda dünya ərzaq bazarında diqqəti cəlb edən əsas məsələlərdən biri buğdanın qiymət dinamikasıdır. İqlim dəyişiklikləri, regional münaqişələr, logistik xərclərin artması və ixrac siyasətlərindəki dəyişikliklər taxıl bazarına birbaşa təsir göstərir. Bu baxımdan Rusiyanın vəziyyəti xüsusi maraq doğurur. Çünki Rusiya uzun illərdir qlobal buğda ixracında lider mövqeyini qoruyur və dünya tələbatının böyük bir hissəsini təmin edir. Lakin son aylarda baş verən qiymət artımları və ixrac həcmlərinin azalması Rusiyanın bazar üstünlüyünü sarsıtmağa başlayıb.
Avqust-sentyabr aylarında Rusiyadan ixrac olunacaq buğdanın qiyməti ton başına 5 ABŞ dolları bahalaşaraq 242 dollara çatıb. Bu göstərici hətta ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdir: 2024-cü ildə Rusiya buğdasının bir tonu təxminən 220 ABŞ dollarına satılırdı. Hazırda isə qiymət baxımından Rusiya rəqiblərinə uduzur. Məsələn, Fransa buğdası 237 dolları, ABŞ buğdası 218 dolları, Argentina buğdası isə 234 ABŞ dolları civarında təklif olunur.
Rusiya buğdası rəqabət üstünlüklərini itirir
Qiymətlərin bahalaşması artıq ixrac göstəricilərinə də təsirini göstərib. Bu ilin avqust ayının ilk yarısında Rusiyadan cəmi 1,3 milyon ton buğda ixrac olunub. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 5,6 milyon tondan artıq idi. Bu, bazar payının əldən verilməsi riskinin artdığını göstərir.
Azərbaycan ərzaqlıq buğdaya olan tələbatının böyük hissəsini idxal hesabına ödəyir və bu baxımdan Rusiyanın bazardakı mövqeyi həmişə strateji əhəmiyyət kəsb edib. Son beş ilin statistikasına əsasən, ölkəmizə idxal olunan buğdanın 78-99 %-i məhz Rusiyanın payına düşüb. Belə ki, 2020-ci ildə xaricdən alınan buğdanın 98,9 %-i, 2021-ci ildə - 95,3 %-i, 2022-ci - 78,2 %-i, 2023-cü ildə - 87 %-i, 2024-cü ildə - 90,2 %-i Rusiyanın payına düşüb.
Lakin 2025-ci ildə vəziyyət dəyişib. Cari ilin ilk yarısında Azərbaycana ümumilikdə 130,7 milyon ABŞ dolları dəyərində 602 255 ton buğda gətirilib. Bunun 115,73 milyon ABŞ dolları dəyərində 541 127 tonu Qazaxıstandan, 14,93 milyon ABŞ dolları dəyərində 61 118 tonu Rusiyadan, 6,23 min ABŞ dolları dəyərində 8,55 tonu isə Türkiyədən idxal olunub. Bu dəyişiklik göstərir ki, Azərbaycan artıq ənənəvi olaraq Rusiyadan asılılıqdan çıxaraq buğda idxalının coğrafiyasını şaxələndirməyə başlayıb.
İdxal vektoru kəskin dəyişib
Bir il əvvəlki göstərici ilə müqayisədə Rusiyadan Azərbaycana buğda tədarükü kəskin azalıb. Belə ki, bu ilin II rübündə şimal qonşumuzdan cəmi 4,6 min ton buğda idxal olunub. Halbuki ötən ilin eyni dövründə 174 min ton, yəni 38 dəfə çox buğda gətirilmişdi. Bu ilin 6 ayında Rusiya buğdasının tədarük həcmi 6 dəfə azalıb.
Əksinə, Qazaxıstandan idxalın həcmi sürətlə artıb. Ötən il bu ölkədən Azərbaycana buğda yalnız oktyabr ayından etibarən (3,2 min ton) tədarük olunmağa başlanlıb və ilin sonuna qədər ümumilikdə 125,32 min ton buğda idxal edilb. Bu ilin ilk 6 ayında isə Qazaxıstandan gətirilən buğdanın həcmi ötən ilin bütün ili ərzindəki göstəricini 4,3 dəfə üstələyib.
Qiymət fərqi də bu dəyişikliyə təsir edən əsas amillərdəndir. Cari ildə Azərbaycana idxal edilən Qazaxıstan buğdasının hər tonunun orta qiyməti 214 ABŞ dolları təşkil edib. Rusiyadan gətirilən buğdanın qiyməti isə ton başına 244 dollar olub. Müqayisə üçün, ötən ilin eyni dövründə Rusiya buğdasının hər tonu 221 dollara satılırdı.
Qazaxıstanın rəqabət üstünlüyünü artıran daha bir amil isə dövlət dəstəyi mexanizmidir. 2025-ci ildən bu ölkədə buğda ixracatçılarına daşınma məsafəsindən asılı olaraq hər ton üçün 20-30 min tenge subsidiya verilir. Bu mexanizm sayəsində Qazaxıstan buğdası daha uzaq bazarlarda da rəqabətqabiliyyətli olub.
Yeni mövsümün ən mühüm nəticələrindən biri də ixrac coğrafiyasının genişlənməsidir. Qazaxıstan ilk dəfə Belçika, Polşa, Portuqaliya, Norveç və Böyük Britaniyaya buğda tədarükünə başlayıb. Bundan əlavə, son beş il ərzində dayandırılmış Gürcüstan və Türkiyə istiqamətindəki tədarüklər də bərpa edilib. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam və Şimali Afrika ölkələrindən olan alıcıların Qazaxıstan məhsullarına marağı artmaqdadır.
Qazaxıstan fəal qlobal taxıl ekspansiyasına start verib
2024-cü ilin sentyabrından 2025-ci ilin iyul ayına qədər Qazaxıstan xarici bazarlara ümumilikdə 12,4 milyon ton taxıl və un (taxıl ekvivalentində) ixrac edib. Bu göstərici 2023/2024-cü ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur (9,3 milyon ton). Ən böyük artım isə Azərbaycana yönələn tədarüklərdə qeydə alınıb – cəmi bir ildə ixrac həcmi 120 dəfə artaraq 6 min tondan 723 min tona çatıb.
Beynəlxalq Taxıl Şurasının (IGC) qiymətləndirmələrinə görə, cari mövsümdə Qazaxıstanda ümumi taxıl istehsalı 19,6 milyon ton, o cümlədən buğda istehsalı isə 15 milyon ton səviyyəsində gözlənilir. Avqustun 1-nə ölkədə 5,7 milyon ton taxıl ehtiyatı olub ki, bunun 4,8 milyon tonunu buğda, o cümlədən 4,4 milyon tonunu ərzaqlıq buğda təşkil edib. Bu ehtiyatlar qiymət dinamikasına birbaşa təsir göstərərək mövsümün əvvəlində bazarın sabit qalmasına imkan yaradıb.
Digər tərəfdən, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ildə dünyada əvvəlki illə müqayisədə təxminən 2 milyon ton az buğda istehsal ediləcək və yekun rəqəm 806 milyon ton olacaq. Lakin istehsaldakı bu cüzi azalma qlobal bazarda qiymətlərin ciddi bahalaşmasına səbəb olmayacağı ehtimal edilir.
Mövcud mənzərə göstərir ki, Azərbaycan buğda idxalında əsas diqqətini artıq Qazaxıstana yönəldib. Bu dəyişiklik həm qiymət amili, həm də Qazaxıstan hökumətinin ixracatçıları üçün tətbiq etdiyi subsidiyaların nəticəsi kimi ortaya çıxır. Rusiya buğdasının bahalaşması və ixrac həcmlərinin azalması fonunda Qazaxıstan daha çevik, rəqabətqabiliyyətli və yeni bazarlara açılan tərəfdaş kimi önə çıxır. Azərbaycanın idxal strukturundakı bu transformasiya ölkənin ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm strateji üstünlüklər qazandırır.
//report.az