İyulun 28-də “Elektroenergetika haqqında” Qanuna dəyişiklik təsdiqlənib.
Median.Az APA-ya istinadən xəbər verir ki, bununla elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi - sabit tarif mexanizmi əlavə edilib. Sabit tarif (məsələn, 1 manat) hamı üçün eynidir. Məqsəd elektroenergetika sisteminin sabit və dəyişməyən xərclərinin bütün məişət istehlakçıları arasında ədalətli şəkildə bölüşdürülməsidir.
Sabit tarif mövcud tarifi artıracaq?
“Elektroenergetika haqqında” Qanuna dəyişikliklər müəyyən sualların meydana çıxmasına səbəb olub.
Ən çox verilən suallardan biri budur: “Sabit tarif tətbiq olunması mövcud tarifi artıracaqmı?”
Xeyr, sabit tarifin tətbiq olunması elektrik və qaz tariflərinin artımı demək deyil. Mövcud tarifin daxilində strukturlaşdırma aparılması və istehlakından asılı olmayaraq hər bir abonentin sabit tarifi ödəməsi nəzərdə tutulur. Ümumiyyətlə “Sabit tarif” xərc əsaslı tarif elementlərindən biridir. Sabit tarifin tətbiqində əsas məqsəd xidmət keyfiyyətinin artırılmasıdır, lakin tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması və təchizat sahələri üzrə stabil pul axınlarının formalaşdırılması hesabına əldə olunmasıdır.
Vətəndaşları ən çox maraqlandırdan suallardan biri isə belədir: “Elektrik enerjisi və qaz istehlak edən vətəndaş bunun ödənişindən əlavə sabit tarif də ödəməli olacaq?”
Sabit tarifin tətbiqi ilə normativ səviyyədə elektrik enerjisi və qaz istehlak edən vətəndaş üçün əlavə ödəmə nəzərdə tutulmur. Sadə dildə desək, sabit tarif hal-hazırda mövcud tarifinin daxilində istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan, sabit tarifin tətbiqinə mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğru olar.
Sabit tarif nə vaxtdan tətbiq olunacaq?
Sabit tarifin nə vaxtdan tətbiq olunacağına gəlincə, qanunun qəbulu bilavasitə sabit tarifin tətbiqi mənasına gəlmir, tətbiqi üçün hüquqi zəmin yaranır. Sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hal-hazırda bununla bağlı hər hansı müzakirə aparılmır.
Vətəndaş yaşamadığı evinə görə sabit tarif ödəyəcəkmi?
Başqa bir sual birdən çox mənzili olan vətəndaşların yaşamadıqları evlərində elektrik enerjisi və qaz üçün ödəniş edib-etməyəcəkləri ilə bağlıdır. Qeyd olunmalıdır ki, sabit tarif elementinin tətbiqində əsas məqsədlərdən biri sabit xərclərin ədalətli ödənişinə nail olmaqdır. İstifadə olunmayan (istehlak baş verməyən) mənzillərə sahib abonentlər sabit tarif üçün ödəniş edəcəklər. Çünki hal-hazırda bu tipli mənzillərlə bağlı faktiki sabit xərclər digər abonentlər tərəfindən ödənilir. Ümumiyyətlə, hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki proses olmaqla istehsaldan başlamış ötürmə və paylama şəbəkəsi üçün güc tələbi, əlavə infrastruktur və maliyyə yükü yaradır. Yəni, abonentin şəbəkəyə qoşulması onun enerji istehlak edib-etməməsindən asılı olmayaraq, müəyyən xərclərin yaranmasına səbəb olur. Belə olduğu təqdirdə, başqa bir haqlı sual da meydana çıxır: Niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir?
Sabit tarif necə tətbiq ediləcək?
Sabit tarifin vahid formada tətbiq ediləcəyi, yoxsa qiymətləri dəyişən paketlər şəklində olacağı ilə bağlı (yəni, 10, 15, 25, 50 AZN-lik paketlər və s.) qeyd edək ki, beynəlxalq təcrübədə olduğu kimi, sabit tarifin tarif dövrünə aid sabit xərclərin həcmindən asılı olaraq aylıq sabit ödəniş formasında tətbiqi nəzərdə tutulur.
Sabit tarifi hansı orqan müəyyən edəcək?
Bəs, “Tənzimləyici orqan müəyyənləşdirilibmi?
Sabit tarifi hansı orqan müəyyən edəcək və ya tənzimləyəcək?”
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə və həmin Qanunun tətbiqi barədə ölkə Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanına əsasən, 2028-ci il 1 iyul tarixinədək elektroenergetika sahəsində tariflərin tənzimlənməsi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.
Sabit tarifin tətbiqinin hansı müsbət nəticələri ola bilər?
“Sabit tarifin tətbiqinin dividendləri nələrdir?”
Sabit tarifin tətbiqi nəticəsində kommunal sahədə bəzi müsbət nəticələrin əldə olunması düşünülür. Sabit tarifin tətbiqi nəticəsində təchizat xərclərinin daha təkmil iqtisadi yanaşmalar əsasında tariflərə ötürülməsinin təmin edilməsi, daha ədalətli tarif strukturunun formalaşdırılması, təchizat şəbəkələri üzrə dayanıqlığının təmin olunması baxımından təchizat subyektlərinə tarif daxilolmaları üzrə pul axınlarında stabilliyinin təmin edilməsi, təchizat xidmətləri üzrə gəlir və xərclərin daha effektiv proqnozlaşdırılması və dövri subsidiya tələblərinin tədricən aradan qaldırılması gözlənilir.