Azərbaycan son illər turizm sahəsində həm ənənəvi, həm də yeni (alternativ) inkişaf istiqamətləri müəyyən edib.
Ölkənin turizm potensialını gücləndirən əsas amillər yalnız təbii və tarixi zənginliklər deyil, eyni zamanda, turistlərə müxtəlif qalma təcrübələri təklif edən yeni memarlıq və infrastruktur həlləridir.
Bununla belə, artan turist axınının mövcud infrastrukturla tam qarşılanıb-qarşılanmaması hələ də müzakirə mövzusudur. “Report” bu istiqamətdə, xüsusilə alternativ qalma yerlərinin inkişafı və dayanıqlı memarlığın turizmə təsiri ilə bağlı araşdırma aparıb.
“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov deyir ki, ölkəyə gələn turistlərin sayını artırmaq üçün kifayət qədər qalma yerlərinin mövcudluğu vacibdir: "Nəzərə almaq lazımdır ki, ölkəmizdə hotellərin və digər qalma yerlərinin sayı hələ də çox deyil. Lakin son dövrlərdə kənd evlərinin, "A-frame" tipli evlərin tikilməsi və digər alternativlərin yaranması bu sahəyə müəyyən dərəcədə müsbət təsir göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, bu cür evlər kifayət qədər dayanıqlı olur, həm konstruksiyası baxımından daha rahatdır, həm də maliyyə cəhətdən sərfəli olduğu üçün sərfəli memarlıq həlli hesab olunur. Belə həllərin tətbiqi nəticəsində beynəlxalq təcrübədə mövcud olan yanaşmalar Azərbaycana da gəlir”.
Onun sözlərinə görə, son illərdə turizm sektorunda müşahidə edilən yeniliklərdən biri də kiçik sahibkarların müxtəlif bölgələrdə karavan evlər, "A-frame" evlər və kənd evləri kimi alternativ qalma yerləri yaratmağa başlamasıdır: "Hazırda karavan evlər Azərbaycanda hələ geniş yayılmasa da, müxtəlif rayonlarda "A-frame" tipli evlərin sayı artır. Təbiət qoynunda yerləşən belə təhlükəsiz infrastruktur, şübhəsiz ki, regionlara turist axınına müsbət təsir göstərir, turistlər üçün əlavə alternativlər yaradır. Bu da öz növbəsində ailələrin daha əlverişli şərtlərlə regionlarda dincəlməsinə, yaradılmış şəraitdən istifadə edərək istirahət etməsinə imkan yaradır”.
Ekspert əlavə edib ki, Azərbaycan zəngin təbii və rekreasiya resurslarına malik olsa da, təkcə bu resursların mövcudluğu kifayət etmir: “Vacib amil həmin resursların mənimsənilə bilən, turizm məqsədilə istifadə oluna bilən infrastruktura çevrilməsidir. Yəni, turistlərin yalnız gəzməsi üçün deyil, həm də qalması, istirahət etməsi, ətraf mühiti kəşf etməsi üçün əlverişli şərait yaradılmalıdır. Bu isə həm dövlət, həm də özəl sektor tərəfindən paralel addımlar tələb edir”.
Azərbaycan Memarlar İttifaqının Dayanıqlı Memarlıq üzrə Komissiyasının sədri Fəxrəddin Verdiyev isə deyir ki, müasir turizm yalnız abidələrlə deyil, şəhər mühitinin keyfiyyəti ilə də müəyyən olunur: “Azərbaycan ənənə və müasirliyin kəsişməsində dayanır, turizm isə iqtisadi və mədəni inkişafın mühüm hərəkətverici qüvvəsi kimi ortaya çıxır. Şəhər turizminin bütün potensialını üzə çıxarmaq üçün ölkə üzrə şəhərlər yalnız vizual cəlbediciliyi artırmaqla kifayətlənməməli, sağlamlığı, rifahı və ətraf mühitin qorunmasını təşviq edən dayanıqlı memarlıq həllərini qəbul etməlidir. Müasir turistlər təkcə tarixi abidələr axtarmır, onlar təcrübə yaşamaq istəyirlər – gəzə biləcəkləri küçələr, dincələ biləcəkləri parklar, tarixin və müasir həyatın mükəmməl şəkildə vəhdət təşkil etdiyi məhəllələr onlar üçün önəmlidir”.
Onun sözlərinə görə, belə şəhər məkanlarının yaradılmasında mikroiqlimin formalaşdırılması, təbiətlə ahəngdar inteqrasiya, sərinlik yaradan kölgəli zonalar, günəş şüalarını əks etdirən materiallardan istifadə, külək dəhlizləri və yaşıl adaların layihələndirilməsi böyük rol oynayır.
“Şəhərlərin memarlığında dayanıqlı inkişafla mədəni özəlliklərin qorunması prinsipləri harmonik şəkildə mövcud ola bilər və bu, vacibdir. Ənənəvi Azərbaycan memarlığı əsrlər boyu yerli iqlim xüsusiyyətlərinə uyğun formalaşıb və artıq dayanıqlı, ekoloji cəhətdən təmiz həlləri özündə birləşdirir. Qalın daş divarlar, həyətlər, talvarlar və dar küçələr istilikdən və küləkdən qoruyan təbii mikroiqlim yaradır. Bu ənənəvi yanaşmaların müasir texnologiyalarla birgə tətbiqi daha rahat, enerjiyə qənaətcil və estetik şəhər məkanları yaratmağa imkan verir”, - deyə F.Verdiyev qeyd edib.
Digər tərəfdən, mütəxəssisin fikrincə, ağıllı şəhər texnologiyaları dayanıqlı memarlığa əhəmiyyətli dəstək verir: “İşıqlandırma, nəqliyyat, enerji təchizatı və su istehlakı üzrə "ağıllı" idarəetmə sistemləri enerji və su sərfiyyatını azaldır, tullantıların azalmasına, şəhər infrastrukturunun optimallaşmasına və ekoloji davamlılığın güclənməsinə səbəb olur. Bu texnologiyalar həmçinin şəhərləri iqtisadi cəhətdən daha sərfəli və həm sakinlər, həm də turistlər üçün daha cəlbedici edir”.
O, bildirib ki, Azərbaycan üçün belə yanaşmalar təkcə turizm sektorunu stimullaşdırmır, həm də regionların sosial-iqtisadi inkişafına təkan verir: “Alternativ qalma obyektlərinin tikintisi regionlarda məşğulluğun artmasına, yerli məhsulların bazarının genişlənməsinə və regionların tanıdılmasına şərait yaradır. Beləliklə, Azərbaycanın turizm sektorunun gələcəyi yalnız hotellərin artırılması ilə deyil, həm də fərqli və innovativ qalma təcrübələrinin yaradılması ilə bağlıdır. Alternativ qalma məkanları həm ölkənin turizm brendini zənginləşdirir, həm də turistlərin gözləntilərini daha dolğun şəkildə qarşılayır. Gözlənilir ki, bu tendensiya yaxın illərdə daha da sürətlənəcək, Azərbaycanın turizm xəritəsində yeni istiqamətlərin yaranmasına səbəb olacaq”.
Dünyada turizm sənayesində alternativ qalma yerlərinə maraq son onillikdə sürətlə artıb. Avropa ölkələrində xüsusilə "A-frame! tipli evlər, ekoloji kotteclər, karavan parkları və ağac evləri kimi unikal qalma formatları geniş yayılıb.
Məsələn, Skandinaviya ölkələri meşə içində yerləşən minimalist taxta evləri həm memarlıq estetikası, həm də ekoloji davamlılıq baxımından turizm məhsuluna çeviriblər.
İsveçdə ağacların arasında asılmış fərqli memarlıq formalı otaqlardan ibarət kompleks dünya miqyasında məşhurlaşaraq regiona turist axını yaradıb.
İtaliyada və İspaniyada kənd turizmi geniş inkişaf edib. Yerli fermer təsərrüfatlarının evlərini turistlərə açması, həm yerli iqtisadiyyata töhfə verir, həm də qonaqlara autentik təcrübə yaşadır. Yəni turistlər təkcə qalmağa yer tapmır, həm də kənd həyatını, kənd təsərrüfatını, yerli mətbəxi birbaşa yaşayır.
Almaniyada karavan turizmi çox inkişaf edib. Dövlət və bələdiyyələr karavan dayanacaqları, elektrik doldurma məntəqələri, tullantıların utilizasiya sistemi ilə təchiz olunmuş xüsusi sahələr yaradır. Bu, ölkəyə həm sərbəst səyahət edən fərdi turistləri, həm də ailələri cəlb edir.
Daha irəli gedən nümunə isə Yeni Zelandiyadır. Burada kiçik və mobil qalma məkanları, xüsusilə kiçik evlər təbiət qoynunda yerləşdirilir. Bu obyektlər enerji baxımından müstəqil və ekoloji baxımdan zərərsizdir.
Bütün bu nümunələr göstərir ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar beynəlxalq təcrübə ilə üst-üstə düşür və ölkənin turizm məhsulunu daha rəqabətqabiliyyətli edə bilər.
Sonda onu da qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkədəki gecələmələrin 32,55 %-i hotellərin, 67,45 %-i isə müxtəlif kateqoriyadan olan evlərin payına düşüb.