Göyçay sakini qətlə yetirilib
Göyçay rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib. Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılsa da, lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.