Azərbaycanda şirkət rəsmilərinə cinayət işi açıldı
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aparılmış istintaqla “AGRO-MEAT” MMC-ni icarəyə götürmüş Ehtiram Vəliyevin MMC-nin nümayəndəsi Namiq Ələkbərovla birlikdə 23-25 iyun 2020-ci il tarixlərdə ölkə ərazisində yerləşən mal-qara bazarlarından və ayrı-ayrı şəxslərdən 6.890 kiloqram miqdarda keyfiyyətsiz ət məhsulunu ucuz qiymətə alaraq, həmin ət məhsulunu Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən MMC-yə məxsus kəsimxanada müvafiq standartlara uyğun olmayan şəraitdə satmaq məqsədilə saxlamalarına əsaslı şübhələr müəyyən edilib.
Baş İdarə tərəfindən 25 iyun 2020-ci ildə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan kəsimxanada 41 min 340 manat dəyərində 6.890 kiloqram çəkidə keyfiyyətsiz ət məhsulu aşkar olunaraq götürülüb.
İş üzrə toplanmış sübutlara əsasən 22 avqust 2020-ci ildə Ehtiram Vəliyevə Cinayət Məcəlləsinin 29, 200.2.3 (istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatma və ya ya pis keyfiyyətli məhsul istehsal etmə və ya satmaya cəhd etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Namiq Ələkbərova isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.3-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik etmə) maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi üzrə istintaq yekunlaşdırılmış və baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilib.