Mojo.az Banner
22:27 Polkovnikə vəzifə verildi  |     22:22 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video  |     22:14 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     22:07 "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu  |     22:02 "Vüsal 300"ə hökm oxundu  |     21:56 İtkin düşən aktyor ölü tapıldı  |     21:51 Sabahdan Azərbaycanda bayram tətili başlayır  |     21:43 ""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri  |     21:37 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi  |     21:30 Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video  |     21:25 15 minə yaxın şəxsə proaktiv pensiya təyin edilib  |     21:16 Bakının mərkəzində sağlam ağacları kəsiblər? - Video  |     21:08 DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi  |     21:03 İspaniyada daha bir hantavirus hadisəsi aşkarlandı  |     20:55 Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - Video  |     20:51 "Milan"ın hücumçusu antirekorda imza atdı  |     20:43 Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində  |     20:39 Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub  |     20:34 "Ferrari" ilk elektrik avtomobilini təqdim etdi - qiyməti 550 min avrodan başlayır  |     20:28 “Şamaxı” 5 futbolçusu ilə vidalaşdı  |    
Left Banner
Right Banner

Bu günə qədər 200 min manatdan artıq ƏDV geri qaytarılıb

09.06.2020 17:10 2 022
Bu günə qədər 200 min manatdan artıq ƏDV geri qaytarılıb
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla tətbiq edilir. Prosesin başlandığı may ayı ərzində alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 264 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 194 711-i və ya 74%-i əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilir ki, may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 1,7 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Bu günə ölkə üzrə 6 102 vergi ödəyicisində 15 379 yeni nəsil kassa aparatı mövcuddur. Hazırda bu cür aparatların mərhələli tətbiqi prosesi davam edir.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.скачать dle 11.3
Mojo.az Banner