Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin xanımı Svetlana Medvedeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Siz erudisiyalı, enerjili və hərtərəfli şəxsiyyət kimi bir çox mühüm və faydalı layihələr həyata keçirmisiniz. Dostlarınız və həmkarlarınız Sizin çox gözəl insani keyfiyyətlərinizə - insanlara diqqətli münasibətinizə, ziyalılığınıza, müdrikliyinizə və alicənablığınıza yüksək qiymət verirlər.
Sizin fəal və çoxşaxəli xeyriyyəçilik fəaliyyətiniz həm Azərbaycan Respublikasının vətəndaşları, həm də dünya ictimaiyyəti tərəfindən xüsusi diqqətə, ehtirama və minnətdarlığa layiqdir.
Sizə və doğmalarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayıram”.