Rusiya Azərbaycana arzu etdiyi döyüş təyyarələrinin satışına hazırdır.
Bu barədə “Azeri Defence”ə “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.
Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:
“Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.
Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.
“Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib.
Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.