Xəzər dənizi sahillərini hasarlayıb, qamışdan, taxtadan gecəqondular düzəldərək çimərliyə çeviriblər, hərə də bir qiymət qoyur. Halbuki Xəzər dənizi sahillərini başdan-başa turizm məkanına çevirmək olar.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Xəzər sahillərinin çirklənmiş vəziyyətdə olmasından şikayətlənən F.Ağamalı deyib ki, bu cür neməti qiymətləndirmək lazımdır:
“Bu konvensiyanın tələblərinə uyğun olaraq qanunvericilikdə ciddi dəyişiklik edilməlidir. Yaxşı olardı ki, bunun üçün hərrac keçirilsin. Hasarlama işləri aparan şəxsin imkanı varsa, orada yaxşı hotellər tiksin, bununla da həm yeni iş yerləri açılsın, həm də Xəzər dənizi sahilləri insanların ixtiyarına verilsin. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiya verməliyik”.
Milli Məclisin Vitse-spikeri Valeh Ələsgərov isə qeyd edib ki, bu məsələlər qanunda öz əksini tapıb:
“Bu işləri həyata keçirmək isə müvafiq icraedici orqanların işidir”.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.