Prezident İlham Əliyev “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu fərmanla “Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq edilib.
“Hökumət buludu” (G-cloud) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılacaq. Nazirlik “Hökumət buludu”nun operatoru təyin edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək, dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində yerləşdirilməsi, habelə “Hökumət buludu”nun idarə edilməsi, saxlanılması və təkmilləşdirilməsi ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Nazirlər Kabinetinə təkliflər vermək və digər məsələlər tapşırılıb.
Azərbaycanda dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunub. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.
“Hökumət buludu”nda təhlükəsizlik məsələlərinin təminatı və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət də diqqət mərkəzində olacaq.