Milli Məclisin (MM) dekabr ayında üç plenar iclası keçiriləcək.
Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, dəyişiklik olmazsa, millət vəkilləri dekabrın 11-i, 18-i və 28-də bu ilin son plenar iclaslarına toplaşacaqlar.
Bu müddətdə həmçinin komitə iclasları davam etdiriləcək, eyni zamanda, azı iki ictimai dinləmə təşkil ediləcək.
İctimai dinləmələr də icbari tibbi sığorta və şəkərli diabet xəstəliyi ilə bağlı olacaq.
Bununla da MM-in payız (qış) sessiyası başa çatacaq.
MM-in növbəti sessiyası, 2019-cu ilin yaz sessiyası isə fevral ayının 1-də öz işinə başlayacaq.
Yaz sessiyasında isə bələdiyyələrlə, Ombudsmanla, insan alverinə qarşı mübarizə ilə bağlı Milli Koordinatorun illik hesabatları müzakirə olunacaq.
Həmçinin, yaz sessiyasının 5-ci iclasından (mart ayından) gec olmayaraq, Nazirlər Kabinetinin parlament qarşısında son bir illik fəaliyyəti ilə bağlı hesabatı olacaq.
Hesabatla baş nazir çıxış edəcək.