Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Oxu.az bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir.
Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) tərəfindən təşkil olunan tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Moskvada diplomatik nümayəndəliklər tərəfindən akkreditə olunmuş nümayəndələr, Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Tədbirdə nitqlə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu düz 26 il əvvəl Xocalıda faciənin baş verdiyini, bunu başqa sözlə ifadə etməyin çətin olduğunu qeyd edib:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə rrməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Şəhər yer üzündən silinib. Açılan güllələrdən qurtulmağa çalışan yerli sakinlər dağlara qaçmaq məcburiyyətində qalıb.
Erməni silahlı dəstələri yolda silahsız insanları güllələyib. Uşaqlar, qocalar soyuqdan donub. Bir çoxları itkin, çox sayda qız və qadın əsir düşüb. Qurbanların dəqiq sayı indiyə kimi heç kimə məlum deyil.
Əlbəttə ki, elan olunan rəsmi rəqəmlərdən xeyli çoxdur: Rəsmi rəqəmlərə görə, Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, qadınlar, uşaqlar əsir düşüb. 150-dən çox insanın taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur”.
“...Bu insanları yalnız azərbaycanlı olduqlarına görə, Xocalıda yaşadıqlarına görə, Qarabağda yaşadıqlarına görə öldürüblər”, - deyə Polad Bülbüloğlu vurğulayıb.
Ardınca səfir tədbirdə iştirak edənlərə ABŞ-da çəkilmiş və Xocalı faciəsinə həsr olunmuş “Kölgədən qaçan” filmi haqqında danışıb.
“Kölgədən qaçan filmi həmin faciəni yaşamış şahid ifadələri və Amerika ictimaiyyəti nümayəndələrinin, Azərbaycanda yaşayan müxtəlif dinlərə etiqad edən insanların hüquqi-ictimai rəyi əsasında çəkilib. Bu filmdə siz Xocalı faciəsi haqqında fikir yürüdən erməni hüquq müdafiəçisinin etirafları ilə tanış olacaqsız.
Yeri gəlmişkən, erməni cəmiyyətində Xocalının dəhşətli faciə olduğunu, onun ovaxtkı Dağlıq Qarabağ və Ermənistan hakimiyyətinin yol verdiyi qorxulu səhv olduğunu və Azərbaycan xalqına qarşı soyqırım kimi tanındığını anlayan insanların sayı gündən-günə artır”.
“Şəxsən mən bu filmi Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıtımı istiqamətinə atılmış vacib addım olduğunu hesab edirəm. Epiqraf onun məğzi və məqsədini çox dəqiq şəkildə ifadə edir: “Şərin zəfər çalması üçün tələb olunan yeganə şey yaxşı insanların fəaliyyətsizliyidir”.
Bu epiqraf mənə daha geniş yayılan bir ifadəni xatırlatdı: “Ən çox biganə insanlardan qorxmaq lazımdır, çünki onların lal-dinməz razılığı ucbatından bu gün dünyada müxtəlif bəlalar baş verir”.
Xocalı faciəsini qiymətləndirən zaman ona biganə qalmaq mümkünsüzdür. Bunlar barədə susmaq mümkünsüzdür, ən çox ona görə ki, törədilən şər və ya vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən pislənməsə, mütləq təkrarlanacaq. Bugünədək 16 dünya ölkəsi, ABŞ-ın 19 ştatı Xocalıda baş verənləri soyqırım aktı olaraq pisləyib”, - deyə Polad Bülbüloğlu bildirib.
“Bu gün toplaşdığımız Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mənə elə gəlir ki, digər xalqlarla müqayisədə, yəhudi xalqı bizim dərdimizi daha çox anlayır və bölüşür, çünki öz tarixində bu xalq çoxlu faciəvi hadisələrlə üzləşib.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu filmin Los-Anceles şəhərində baş tutan premyerası da dünyanın ən iri Holokost muzeylərindən birində, Tolerantlıq Muzeyində keçirilib”, – deyə diplomat bildirib.
Tədbirdə Rusiya Dövlət Dumasının deputatı, “Rusiya-Azərbaycan” parlamentlərarası qrupunun rəhbəri Dmitri Savelyev, “Avrasiya günləri emalatxanası” elmi tədqiqatlara dəstək fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk, Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq İnstitutuun baş elmi işçisi, tarix elmləri namizədi İlqar Məmmədov, rejissor-dramaturq Əfraim Abramov, “Azərbaycan-İsrail” Beynəlxalq Dostluq Assosiasiyasını (Azİz) təmsil edən, Milli Məclis aparatının hüquq şöbəsinin rəhbəri, BMT-nin cinayətlər üzrə Vyana idarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov da iştirak edib.